AZ

Siqnalın “üstünə oturanlar” elə bil küçədə qışqıra-qışqıra gəzir 

Nəqliyyatda mövcud olan problemlərdən biri də səs siqnallarından yerli-yersiz şəkildə istifadə edilməsidir. Bir çox hallarda işıqforun yaşıl işığı yandığı saniyədə arxa cərgələrdə olan avtomobillərin sürücüləri ən ön sırada dayananları tələsdirmək üçün dərhal siqnal verirlər. İşin gərginlik yaradan tərəfi ondan ibarətdir ki, bunu asta toxunuşla etmirlər, siqnalı bir neçə saniyə sıxmaqla mübahisələrə belə səbəb olurlar. Bəzən isə hansısa küçədə tıxac yarananda, yol bağlananda sürücülər kütləvi şəkildə siqnal verməyə başlayırlar.
Dünyanın bir sıra inkişaf etmiş ölkələrində yersiz siqnaldan istifadəyə görə cərimə tətbiq olunur. Məqsəd şəhərlərdəki səs çirkliliyinin qarşısını almaqdır.
Azərbaycanda bu sahədə vəziyyət necədir?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan millət vəkili Aqil Abbas bu cür cərimələrin ölkəmizdə də mövcud olduğunu bildirib.

“Azərbaycanda da lazımsız yerə siqnal verməyə görə cərimələr var. İnsanlar gərək, bir qədər diqqətli olsunlar. Siqnal verməklə qarşındakı qaçmayacaq. Onun da qarşısında maşın var, qarşıdakının da qarşısında maşın var. Yenə də lazımsız yerə siqnal verirlər. İndi nə edək?” - deputat söyləyib.

Yersiz siqnal verməyin qanunvericilikdə cəriməsi var

Yol-nəqliyyat eksperti Elməddin Muradlı isə Ölkə.Az-a açıqlamasında səs siqnallarından istifadəyə icazə verilən hallardan söz açıb:

“Yol hərəkəti haqqında” Qanunun 73-cü maddəsinə görə, səs siqnallarından istifadə qaydaları yalnız 2 halda müəyyənləşdirilib. Qanun tələb edir ki, sürücü yalnız o halda səs siqnalından istifadə edə bilər ki, hər hansı bir qəzanın, təhlükənin qarşısını almış olsun. Yəni görürsünüz ki, başqa bir maşın az qalır üstünüzə çıxsın və təhlükənin qarşısını almaq üçün siqnal verirsiniz ki, sürücü ayılsın, maneəni görsün. Və yaxud da görürsünüz ki, maşın parklanma yerindən arxa-arxaya çıxır. O, sağdan, ya da soldan gələn maşını görmür. Siz ona siqnalla xəbərdarlıq edirsiniz ki, qəza riski yaradır. Yoxsa bizdə adətdir, salamlaşanda da siqnalla salamlaşır, sağollaşanda da. Toy edirik siqnal veririk. Nə olsa bir siqnal. 

Qanunsuz olaraq bu formada siqnaldan istifadə edənlər İnzibati Xətalar Məcəlləsinə əsasən, 30 manat məbləğində cərimə edilir. Yəni bu, qanunda nəzərdə tutulur”.

"Yaşıl işığın müddəti 15 saniyədir, adam 10 saniyəsini telefonla oynayır"

Ekspert bəzi hallarda sürücülərə siqnal verdiklərinə görə haqq qazandırdığını deyib:

“Ümumilikdə siqnal məsələsi yaxşı bir ənənə deyil. İnsanlar bunu bir mədəniyyət kimi başa düşməlidirlər.
Biz bu yaxınlarda yol polisi ilə birgə maarifləndirici tədbir keçirdik ki, görək, sürücülər bu siqnal həvəsinə haradan gəliblər. Bu zaman maraqlı səbəblər ortaya çıxdı. Məsələn, işıqforda saniyə yanan kimi və yaxud da sonuncu saniyə olanda görürsünüz ki, kimsə siqnal verir ki, sür. Amma mən şəxsən səbirli adamam, gözləyirəm. Bir də görürsünüz ki, haradasa yaşıl işığın müddəti 15 saniyədir, adam 10 saniyəsini oturub telefonla oynayır. Ona siqnal verməsən, adam ayılmır. Bu cür hallar var. On görə də bəzən sürücüləri qınamıram ki, niyə siqnal verirsiniz. 
Yolda qəza baş verəndə də bəzən görürsünüz ki, oradan keçən sürücülər siqnal verir. Elə bil ki, orada kino baş verib, dənizdən akula çıxıb. Hamı sürəti azaldır, ağzını əyir, hadisəyə baxır. Ya da telefonunu çıxarıb videoya çəkir. Axı tələsənlər, xəstə yanına gedənlər var. Hansısa sürücünün orada dayanıb izləməyinə görə hamı durub gözləməli deyil. Bir də görürüsünüz ki, 8 zolaqlı yolun hamısında adamlar dayanıb hadisə yerinə boylanırlar görək, kim ölüb, kim qalıb. Nə kömək edəndir, nə də bir işə yarayan. Ancaq baxır. Video çəksin, instaqrama tiktoka qoysun ki, baxın, mən filan hadisəni gördüm. Gözümüz aydın. Yaxşı elədin, sür, çıx get. Hadisə yerində belə şeylər olmaz. Dəfələrlə olub ki, hadisə yerində ağzını əyib baxanların ucbatından başqa bir hadisə baş verib. İndi beləsinə siqnal verməyib nə edəsən? Bunu necə başa salasan ki, a kişi, sür, çıx get. Bu siqnal bir mədəniyyət məsələsidir. Bunu birdəfəlik başa düşmək lazımdır. Avropada belə şeyləri dəlilik kimi qəbul edirlər. Yəni normal insan bunu niyə eləsin?!”

"Siqnal verən avtomobili müəyyənləşdirmək çox çətindir"

Cərimə məsələsinə gəldikdə isə E.Muradlı bildirib ki, bu cür halları müəyyənləşdirmək çətindir:

“Ümumiyyətlə, bu xəta növü elədir ki, müəyyənləşdirmək çox çətindir. Çünki bir var tək avtomobil ola, biri də var kütləvi şəkilə siqnal verilir. Gərək, vicdanlı bir sürücü olsun ki, etiraf etsin və ona cərimə yazılsın.

Bizim mental xüsusiyyətlərimiz var. Şimali Qafqazda - Gürcüstanda da, Rusiyada da, bizdə də belədir. Qanımıza hopub ki, siqnal salamlaşmaq metodudur, siqnal toyda şənliyə şənlik qatır. Belə təfəkkürlə yanaşırıq.
Siqnaldan kobud şəkildə istifadə edənləri küçədə qışqıra-qışqıra gəzən, yerə tüpürən, ətrafı zibilləyən insanlara bənzədirəm. Siqnal da digərləri kimi ikrah hissi doğurur”.

Bilurə Yunus

Seçilən
13
1
olke.az

2Mənbələr