Türkiyə Mərkəzi Bankı ölkədə saxta valyutanın dövriyyəsinin qarşısını almaq və müvafiq araşdırmalar aparan hüquq-mühafizə orqanları ilə fəaliyyəti əlaqələndirmək üçün bir sıra tədbirlər həyata keçirib.
Musavat.com xəbər verir ki, məlumat Bankın yaydığı açıqlamada yer alıb.
Bildirilir ki, saxta xarici valyutanın dövriyyəyə buraxılmasının qarşısının alınması məqsədi ilə pul hesablama vasitələri, onlara nəzarət və istifadə olunan bankomatlar yoxlanılır və yenilənir: “Mərkəzi Bank saxta valyutaya qarşı mübarizəni ədliyyə orqanları ilə əlaqələndirir”.
Qeyd edək ki, bu günlərdə İstanbul prokurorluğu Türkiyəyə saxta dollarların daxil olması ilə bağlı mətbuatda məlumatların yayılması ilə bağlı araşdırmalara başlayıb.
Türkiyə mediasına görə, ölkəyə 600 milyon dollar dəyərində saxta əskinaslar gətirilib, onların əksəriyyəti 50 dollarlıq əskinaslardır. Gətirilən saxta əskinasların ümumi məbləği 1 milyard dolları keçə bilər. Buna görə də valyutadəyişmə məntəqələri və banklar bu əskinaslarla, eləcə də köhnə tipli 100 dollarlıq əskinaslarla əməliyyatları müvəqqəti dayandırıb.
Ekspertlərin fikrincə, saxta dollarların əsas hissəsi Türkiyəyə Suriya, İran və Balkan ölkələrindən gətirilib. “Ekonomim”in məlumatına görə, saxta valyuta ilə ilk əməliyyat Suriya ilə həmsərhəd Qaziantep şəhərində həyata keçirilib, Antalya, İzmir, İstanbul və Ankara kimi turizm mərkəzlərində də saxta dollarlar aşkarlanıb.
Musavat.com