Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır. Revanşist qüvvələr Azərbaycana qarşı silahlanmağa başlayıb.
Belə ki, fransız təlimatçılarının rəhbərliyi ilə şərti sərhədin Ermənistan tərəfində bir-biri ilə tunel sistemi ilə birləşdirilən bastion qalaları tikilir. Burada söhbət təkcə müdafiədən getmir – tunellər şəbəkəsindən erməni diversantları Azərbaycana qarşı təxribatlar törədə, onu təkcə müdafiə infrastrukturunun elementinə deyil, həm də mümkün hücum hərəkətləri üçün tramplinə çevirə bilər.
Habelə Bakıda COP29 konfransı keçirilərkən Hindistanın Ermənistana özünün “Akaş” zenit-raket komplekslərinin ilk batareyasını göndərməsi barədə məlumat yayılıb. Xatırlatmaq yerinə düşər ki, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 710 milyon dollar dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub.
Bundan bir ay əvvəl isə Ermənistanın Hindistandan raket əleyhinə “Pralay” taktiki ballistik raketləri almağı planlaşdırdığı məlumatları yayılıb.
Həmçinin Ermənistana Fransanın müasir 155 mm-lik “SEZAR” özüyeriyən artilleriya qurğuları və onların komponentləri, eləcə də tank əleyhinə raket sistemləri gətirilib. Bundan əlavə, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 tipli raketlər, 30 ERYX tank əleyhinə raketlər, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları (“Bunkerfaust” kimi də tanınır), həmçinin “Panzerfaust” da daxil olub. Bundan başqa, Ermənistan silahlı qüvvələrinə Fransa istehsalı olan 500-ə yaxın “Apilas” reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə raket kompleksləri verilib.
Və nəhayət, Yunanıstan Ermənistana S-300 hava hücumundan müdafiə sistemini və ölkənin hava hücumundan müdafiəsi üçün istifadə edilən Rusiya istehsalı olan daha iki silah sistemini təhvil verməyə hazırlaşır. Bu barədə Yunanıstan mediasında xəbər yayılıb.
Ermənistanın hərbi əməliyyatlara hazır olduğunu açıq şəkildə göstərən daha bir fakt isə bu ay Ermənistan və Fransa Silahlı Qüvvələrinin bölmələri Yunanıstanda təlimlərdə iştirak etməsidir. Təlimlərin xarakteri belə açıqlanıb: “İştirakçı qüvvələr arasında əməliyyat hazırlığının, döyüş qabiliyyətinin, qarşılıqlı anlaşmanın, təcrübə mübadiləsinin və qarşılıqlı fəaliyyətin səviyyəsinin yüksəldilməsi məqsədi ilə müdafiə və hücum əməliyyatlarının, o cümlədən canlı atışların taktiki ssenarilərinin hazırlanması”.
İyunun 12-də Ermənistan parlamenti Yunanıstanla hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi haqqında sazişi ratifikasiya edib.
Üstəlik, unutmaq lazım deyil ki, hələ bu ilin yanvarın 30-da "Yerkrapa" erməni terror təşkilatının rəhbəri Sasun Mikaelyan 10 mindən çox "Yerkrapa" yaraqlısının şərti sərhəddə yerləşdirildiyini açıqlayıb.
Bütün bunlar aydın şəkildə göstərir ki, Ermənistan Azərbaycanla yeni müharibəyə fəal hazırlaşır. Təbii ki, onlar xarici qüvvələrin dəstəyi ilə bunu edirlər.
Bu kontekstdə Polşa prezidenti Anjey Dudanın şərti sərhəddə “binokl” təxribatı heç də təsadüfi görünmür. Polşa Rusiyanın əsas avropalı rəqiblərindən biri kimi Moskvanın diqqətini Ukraynadakı müharibədən yayındıracaq və ümumilikdə onun qüvvələrini dağıdacaq münaqişələrin olmasında son dərəcə maraqlıdır. Onlar Azərbaycan və Ermənistanı Varşavanın bu “qaynar nöqtələrindən” biri kimi görmək istəyirlər. Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst üstə düşür.
Bəs İrəvan hansı məqsədlə təxribatlara hazırlaşır?
Birincisi, Paşinyanın reytinqi getdikcə aşağı düşür. O, öz reytinqini qaldırma üçün yeni addımlar atır. Bunlardan biri Azərbaycanla müharibədir. Ermənistan hakimiyyəti Azərbaycan üzərində kiçik də olsa, qələbə qazanmaq istəyir.
İkincisi, İrəvan və onun xarici dəstəkçiləri ildırım müharibəsi ilə Azərbaycan ərazisinin müəyyən ərazilərini işğal etmək, bununla da danışıqlar prosesində öz mövqelərini gücləndirməyə çalışmaqdır.
Amma bütün bu oyunların erməni tərəfi üçün necə bitəcəyini təxmin etmək çətin deyil. Görünür, Ermənistanın hərbi-siyasi rəhbərliyi Bakıdan necə mərhəmət dilədiklərini, dünya dövlətlərinin paytaxtlarından müharibəni dayandırmağı necə xahiş etdiklərini unudublar. Amma fakt odur ki, İrəvan fəal şəkildə hücum əməliyyatlarına hazırlaşır. Bu, Ermənistanın seçimidir. Unutmayaq, "Dəmir Yumruq" yerindədir.
Mehman Mirzəzadə