AZ

İranla indikindən artıq yaxınlaşmaq sonradan Ermənistana müəyyən çətinliklər yarada bilər - ÖZƏL

"Ermənistanın indiki şəraitdə Şərqlə Qərbin arasında və yaxud da Qərblə Şimal arasında müəyyən variasiyalar etməsi onun vəziyyəti ilə izah olunur".

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert  Aydın Quliyev deyib.

"Konkret indiki şəraitdə Ermənistan nə üstün şəkildə Qərbə meyllənə bilir, nə də Rusiya ilə münasibətləri dərinləşdirə.  Zatən onun Rusiya ilə münasibətlərdə  ayrılmaq, qopmaq kursu tutduğu əvvəldən görsənir. Paşinyan hakimiyyətə gəldiyi gündən bu yöndə siyasət aparır. Amma son vaxtlar Qərbin, xüsusilə də Amerikada prezident seçkilərindən sonra Qərbin Ermənistana münasibətinin hansı templə aparılacağı indidən bəlli olmadığına görə Ermənistan bir az gözləmə mövqeyi tutmağa məcburdur. Beləliklə, Rusiya ilə münasibətlərdə Ermənistan yaxınlaşmağa lüzum görmür, Qərblə,  Amerika ilə münasibətlərdə isə hazırda müəyyən gözləmə mövqeyindədir və bu şəraitdə Paşinyanın edəcəkləri nədən ibarətdir? Bu şəraitdə Azərbaycanla təbii ki, sülh sazişi imzalamaqda tələsməyəcək, ona görə ki, bu, sülh sazişinin Rusiyanın vasitəçiliyi ilə olmasını istəmir. Qərbin vasitəçiliyi üçün isə hələlik şərait yetişməyib və Paşinyan başa düşür ki, indiki şəraitdə sülh sazişinin imzalanması onun Azərbaycanın qarşısında tam tək vəziyyətdə hərəkət etməsi kimi bir mövqe olaraq görsənəcək. Buna görə də Qərbdən daha isti və güclü dəstək alana qədər o müəyyən gözləmə mövqeyi tutmağa məhkumdur. Ermənistanın İran sammitindən imtina etməsi isə yenə də onun vəziyyəti ilə izah olunur. Çünki indiki şəraitdə Ermənistanın Rusiya ilə münasibətləri durğun vəziyyətdə, Qərblə münasibətləri isə gözləmə halında olduğuna görə İranla o qədər də yaxınlaşmağa ehtiyac duymur. Əslində onun vəziyyətində İranla indikindən artıq yaxınlaşmaq sonradan Ermənistana müəyyən çətinliklər yarada bilər. Çünki İranla daha yaxın olmaq, onun gələcəkdə Qərblə münasibətlərinə müəyyən problem olar, Rusiya ilə münasibətlərdə isə Paşinyan indikindən yaxşı münasibət, isti münasibət saxlamağı sadəcə olaraq istəmir. Yəni İranla münasibətlərinin necə olmasının onun Rusiya ilə münasibətlərinə dəxli yoxdur. Amma İranla münasibətlərin daha da yaxşılaşması indiki şəraitdə onun Qərblə manevr imkanlarını bir qədər qeyri-müəyyən edə bilər. Ona görə də İranla da məsafə saxlamağa məcburdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr