Ukraynanın Rusiya ilə qanlı müharibə başlandan bəri 60-100 min arası hərbçi itirdiyi ehtimal olunur.
Modern.az xəbər verir ki, bu barədə “The Economist” nəşri Qərb kəşfiyyatının məlumatlarına, ABŞ administrasiyası rəsmilərinin açıqlamalarına və açıq mənbələrdən alınan məlumatlara istinadən yazıb.
Nəşrin hesablamalarına görə, daha 400 min Ukrayna əsgəri onların vəzifəyə qayıtmasına imkan verməyən ağır xəsarətlər ala bilər.
“Bu hesabatları müstəqil şəkildə yoxlamaq çətindir. İtkin düşmüş, öldüyü ehtimal edilən əsgərlər həmişə bu məlumatlara daxil edilmir”, - materialda deyilir.
“The Economist” mülki itkilərin sayını “on minlərlə” hesab edir və qeyd edir ki, mülki əhalinin ölümü ilə bağlı hərbçilərdən daha az məlumat var.
Rusiyanın müharibədəki itkilərinə gəlincə, “The Economist”in 2024-cü ilin iyuluna olan məlumatına görə, bu rəqəm 106 min ilə 140 min arasında dəyişirş
Nəşr qeyd edir ki, Ukraynanın itkiləri ilə bağlı məlumatların toplanması daha çətindir, çünki müttəfiqlər “təxminlər vermək istəmirlər”.
“The Economist”in jurnalistləri qeyd edirlər ki, döyüşlərdə hər iki tərəfdən ölənlərin sayı ABŞ-ın İkinci Dünya Müharibəsindəki itkilərinə yaxınlaşır. O da qeyd olunur ki, Rusiyanın itkiləri 1945-ci ildən bəri bütün silahlı münaqişələrdə verdiyi itkilərin cəmindən çoxdur.
Amerikanın “The Wall Street Journal” qəzetinin hesablamalarına görə, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibənin bütün dövrü ərzində ölən və yaralanan ukraynalıların və rusların sayı təxminən 1 milyona çatıb.
Sentyabrda nəşr Ukrayna mənbələrinə və Qərb kəşfiyyat xidmətlərinin məlumatlarına əsaslanaraq bildirib ki, hərbi əməliyyatlar zamanı 80 min ukraynalı və 200 min rus hərbçisini öldürüb.
Ukrayna və Rusiya hakimiyyət orqanları itkilərlə bağlı rəsmi məlumat verməsələr də, jurnalistlər açıq məlumat əsasında ölənlərin siyahısını aparırlar.
“Mediazona” nəşri və BBC-nin məlumatına görə, müharibədə 70 mindən çox rus həlak olub. Bu siyahıya bütün öldürülən Rusiya hərbçiləri daxil deyil, yalnız ölümləri barədə ictimaiyyətə məlumat verilmiş şəxslər daxildir.