AZ

Analitik: Mişa ən yaxşı halda nazir və ya deputat ola bilər

"Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili haqqında fikirlər səsləndirib. Kaxa Kaldze bildirib ki, Mixail Saakaşviliyə qarşı başqa cinayət işləri açıldığı üçün indiki prezident Salome Zurabişvili əfv etsə də, həbsxanadan çıxa bilməyəcək.Maraqlıdır, Mişanın həbsdən çıxması nə qədər realdır? Saakaşvili həbsdən çıxarsa, yerindən siyasətə qayıdacaq?

Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, Saakaşvilinin həbsxanadan çıxması real deyil:

"Bu baş versə də, o, illərdir ki, siyasətdən uzaqdır. Digər tərəfdən Gürcüstanda onun tərəfdarları qədər əleyhdarları da çoxdur. Nəzərə almaq lazımdır ki, Saakaşvili hakimiyyətə göndərilmiş bir şəxsdir. O,Gürcüstan tarixində 2008-ci il olaylarıyla, dövləti Rusiya ilə müharibəyə sürükləyən bir şəxs kimi yadda qalıb. Ümumiyyətlə bəzi prezidentlərin xarici, bəzilərinin isə daxili siyasətləri uğurlu olur və tarixdə bu cür lider kimi bilinirlər. Saakaşvili də daxili siyasətdə üstünlüyü və müsbət tərəfləri ilə yadda qalıb. Xüsusilə də, Gürcüstanda korrupsiyanı böyük ölçüdə dağıtması və keçmiş hakimlərdən qalan bürokratik əngəlləri sıradan çıxarması, Qərb dəyərləri əsasında sistem formalaşdırmağa çalışması, ölkədə mafiyanın kökünü kəsməsi kimi məsələlər müsbət idi. Amma 2008-ci il olaylarını, yəni Abxaziya və Asetiyada separatçıların tam müstəqil şəkildə fəaliyyətinə gətirib çıxaracaq prosesləri Saakaşvili başlatdı. Eyni zamanda Rusiyanın ölkəni cəmi bir neçə saat ərzində işğal etməsinə də məhz o səbəb oldu. Bütün bunları gürcü xalqı da unutmayıb. Biz hələ Gürcüstan vətəndaşı olmaya-olmaya bunları biliriksə, sadə gürcü vətəndaşları da bunu bilir. Onlar keçmiş liderin hakimiyyətə gəlməsinə icazə verməzlər".

Politoloqun fikrincə, Saakaşvili  həbsdən çıxsa və hakimiyyətə gəlsə də, onun siyasətində xüsusi bir yenilik olmayacaq:
"O, Qərbə inteqrasiya prosesini davam etdirəcək. Bu da Mişanın yenidən hakimiyyətdən getməsinə gətirib çıxara bilər. İllərlə ömrünü və karyerasını anti-rusiya çıxışları ilə zəngin edən bir şəxsin hakimiyyətə gəlib, ruspərəst olmasını və ya balans yaradacağını gözləmək sadəlövhlük olardı. Bu baxımdan da onun köhnə siyasətindən geri duracağını demək çətindir. Bütün hallarda Saakaşvili kimi liderlər Qərbə meyillidirlər. O, əslində prezident kimi yaxşı olmayıb. Çünki ölkə daxilindəki problemləri başqa hakimiyyətlər və ya instansiyalar həll edə bilər. Amma Baş nazirin xarici siyasətdə yanlış etmək kimi bir seçimi yoxdur. Saakaşvili isə bunu etmiş şəxsdir. O, ən yaxşı halda nazir və ya deputat ola bilər. Yəni bu tip şəxslərin ölkə başçısı olması təhlükəlidir. Gürcüstanın başına gələnlər də bunun real sübutudur".

Analitik onu da qeyd edib ki, ümumiyyətlə Cənubi Qafqaz regionunda neytrallıq önəmlidir:
"3 ölkə - Azərbaycan, Gürcüstan və Ermənistan arasında yalnız Azərbaycan Rusiya və Qərb arasında balanslı siyasət yeridib, hər iki tərəfi də məmnun etməyi bacarır. Həmçinin sözügedən balans siyasətindən də öz münaqişələrini həll edən yeganə ölkədir. Ermənistan və Gürcüstan isə Rusiyadan üz döndərib Qərbə inteqrasiya edən ölkələrdir. Bu gün Gürcüstan səhvini düzəltməyə çalışır. Rusiya ilə münasibətlər tam normallaşmasa da, gərginlik azalıb. Tərəflər arasında soyuqluğun aradan qaldırılmasına çalışıla bilər. Ermənistan da son zamanlar münasibətlərə diqqət etməyə çalışır. sanki Qərblə Rusiya arasında bir balans yaratmaq niyyətindədir".

Aynur Babayeva
Seçilən
6
sherg.az

1Mənbələr