AZ

“Bu, hansı maraqlara, kimlərə xidmət edən çıxışlardır?!” — Elman Nəsirovdan parlamentdəki müzakirələrə REAKSİYA

“Azərbaycan Respublikasının Milli Məclisinin deputatı adını daşımaq olduqca şərəfli, bir o qədər də məsuliyyətli bir vəzifədir. Milli Məclisin deputatı öz fikirlərini ifadə edərkən ilk növbədə milli dövlətçilik maraqlarından çıxış etməli, həqiqəti söyləməli, ayrı-ayrı neqativ hallarla bağlı obyektiv mövqe ortaya qoymalıdır. Şişirdilmiş və reallığa uyğun olmayan mövqelər qəbuledilməzdir. Məsələyə bu xüsusda yanaşdıqda təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, parlamentdə 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı plenar iclasın gedişində bəzi deputatların bəzi məsələlərlə bağlı mövqeyi möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətinə və fəlsəfəsinə zidd idi”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Millət vəkilinin sözlərinə görə, səsləndirilən fikirlər elə təəssürat yaradıb ki, sanki ölkədə son 20 il ərzində tarixi əhəmiyyətli heç bir addım atılmayıb:

“Əvvəla, o şəxslər ki, obyektiv reallığı görmürlər və ya görmək istəmirlər, xatırladım ki, son 20 il ərzində Azərbaycan dövləti öz tarixinin ən şərəfli dövrünü yaşayır. Ərazi bütövlüyümüz və suverenliyimiz tam, əbədi və qəti bərpa edilib. Eyni zamanda, cənab Prezidentin yeritdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı və təhlükəsizliyi dayanır. Uzağa getməyək, elə haqqında bəhs etdiyimiz büdcənin parametrlərinə baxdıqda belə bu qənaətimiz 100 faiz öz təsdiqini tapır”. 

Deputat vurğulayıb ki, büdcədən ən çox vəsait sosial sahəyə ayrılıb: 

“Büdcə xərclərinin 41 faizi məhz bu sahəyə yönəlib. Bu, təxminən, 17 milyard manat deməkdir. 2024-cü illə müqayisədə bu vəsait 1,4 milyard manat, yəni 8,8 faiz çoxdur. Dövlət büdcəsindən ikinci yerdə ən çox vəsait müdafiə və təhlükəsizlik məsələlərinə ayrılıb. Bu, bütün büdcə xərclərinin 20,3 faizini təşkil edir. Vəsaitin həcmi 8,4 milyard manatdır. Bunlar çox mühüm göstəricilərdir”. 

E.Nəsirov bildirib ki, Azərbaycan dinamik inkişaf tempinə malikdir: 

“COP29 tədbiri bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan güclü dövlətdir, onun güclü lideri və vətəndaş həmrəyliyi var. Bu reallıqları görməzdən gəlmək yolverilməzdir. Eyni məntiqlə də Milli Məclisin sədri hörməli Sahibə xanım Qafarova reallığa adekvat olmayan, təhrif edilmiş məlumatlar səsləndirən, dövlətçilik maraqlarımızla uzlaşmayan mövqe sərgiləyən deputatlara irad tutdu. Onlara kəskin şəkildə bildirdi ki, ədalətə söykənmək lazımdır. Ayrı-ayrı kiçik məsələləri şişirtmək olmaz. Tarixi uğurlarımızı qiymətləndirmək lazımdır. Anti-azərbaycan mövqelərlə üst-üstə düşən fikirlərdən uzaq dayanmaq lazımdır. Bu, hansı maraqlara, kimlərə xidmət edən çıxışlardır?! Mən də hakim partiyadan seçilmiş bir deputat olaraq Sahibə xanım Qafarovanın bu mövqeyini dəstəkləyirəm. Hesab edirəm ki, bu yanaşma Azərbaycanın dövlətçilik maraqlarının ən yüksək səviyyədə müdafiə edilməsi məqsədindən qaynaqlanır”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
21
1
demokrat.az

2Mənbələr