Cəbrayıl təmsilçisi 7-ci turda çempionatın lideri “Karvan”ı məğlub edərək diqqətləri üzərinə çəkə bilmişdi. Tək bununla da yox. Elhad Nəzirinin komandası son vaxtlar maliyyə problemiylə üzləşib.
Hələ 7-ci turdan öncə Şahin Məmmədovun klubla maliyyə bağlarını kəsməsi və maaşların 20 faiz azaldılması bəzi söz-söhbətə səbəb yaratdı. Axı klubun təsisçisi Cavid Hüseynov da bütün diqqətini “Səbail”ə ayırır.
Bəs klubun maliyyə durumu indi nə nə yerdədi? Baş məşqçi Elhad Nəzirinin “Football-plus.az”a cavabı:
“Hər şey qaydasındadı. Sabah “Baku Sportinq”lə oyunumuz var. Çox yaxşı komandaya qarşı oynayırıq.Ötən tur çempionatın lideri “Karvan”ı səfərdə məğlub etmək hünər tələb edirdi. Futbolçuların nəyə qadir olduğunu göstərdi. Hər oyunad istənilən rəqibi məğlub edə bilərik. Futbolçularımı təbrik edib dedim ki, “Karvan”la oyunu unudub gələcəyi fikirləşməliyik. Futbolçuların narazılığı barədə xəbərləri kim çıxarırsa, mən bilmirəm. Komandaya elə furtbolçular yığmışam ki, maddiyyata görə heç vaxt aramızdaki o səmimiyyəti tapdamaz. Pul məsələləri çıxandan kubok oyunu çıxmaq şərti ilə bütün oyunları qələbə qazanmışıq. Yazılanlar şayiədi. Futbolçularımla bu çətin günlərin də öhdəsindən gələcəyik. Maliyyə məsələsində Şahin müəllim kömək edirdi. Hər bir uğur qazanan məşqçisnin arxasında yaxşı rəhbər olmalıdı. Cavid müəllim “Səbail”də böyük işin altına girib. Şahin müəllim də hər zaman danışır. Mən də əlimdən gələni edirəm. Çətinliklər olmalıdı ki, gələcəkdə uğurlara nail olaq. Heç nə çətin deyil. Şahin müəllimin şəxsi işləri var, lakin telefon vasitəsilə məsləhətləşir, əlaqə saxlayırıq. Amma yenə də biz burdayıq. Çalışacağıq ki, Azərbaycan futboluna “Cəbrayıl” adını qazandıraq”.
RÖYANƏ OĞUZ