Rumıniya və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığı gücləndirməyə çalışır.
“Far.Az” xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ölkəsinin Milli Günü münasibətilə keçirilən qəbulda deyib.
Diplomat vurğulayıb ki, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən əsas marşrutdur, Bakı və Konstansa limanları isə mühüm coğrafi qovşaqlar rolunu oynayır.
Soare ölkələr arasında ticari-iqtisadi əməkdaşlıqda mühüm irəliləyişlərin olduğunu qeyd edib. O, həmçinin vurğulayıb ki, 2022-ci ildən Rumıniya ilə Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyini gücləndirəcək böyük enerji layihəsinin – “Black Sea Energy” yaşıl enerji dəhlizinin həyata keçirilməsi üzərində uğurla işləyirlər.
“Bu ilin sentyabrında Buxarestdə konkret nəticələr əldə edilib, burada iştirakçı ölkələr layihə üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər”, - Soare əlavə edib.
Onun sözlərinə görə, ölkələr arasında diplomatik münasibətlərin mövcud olduğu 32 il ərzində Rumıniya ilə Azərbaycan arasında siyasət, diplomatiya, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və təhsil də daxil olmaqla əksər sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə dərinləşib.