AZ

Azərbaycanın COP zəfəri

III MƏQALƏ

Kollektiv dövlət identikliyində kollektivçilik

Azərbaycan Respublikasının kollektiv dövlət identikliyinə malik olduğunu yazmışıq. Bu identiklik növü dövlətin xarici siyasətdən öz identikliyini formalaşdırmaq üçün istifadə etməsi ilə yanaşı, regional və qlobal miqyasda əməkdaşlığa, kollektiv əlaqələrə üstünlük verməyə, başqa dövlətlərə hörmətlə yanaşmağa, təhlükəsizliyin təminini üstün tutmağa istiqamətlənir. Müasir mərhələdə dövlətin bu cür identikliyi mürəkkəb və təzadlı şəraitdə təmin edilməli olduğundan mahiyyətcə çətin proses sayılır.

Kollektivçilik ümumi olaraq kollektivin marağını fərdi maraqdan üstün tutmağı ifadə edir. Siyasi anlamda kollektivçilik dövlətin və cəmiyyətin maraqlarına fərdi maraqlardan daha çox üstünlük verilməsini əks etdirir. Bu anlamı dövlətlərarası münasibətlərə proyeksiya etdikdə kollektivçilik dövlətlər qrupunun ümumi maraqlarının ayrıca dövlətin maraqlarından daha üstün tutulmasını tələb edir.

Deməli, kollektivçiliyin siyasi anlamı siyasətdə münasibətlər subyektlərinin ortaq maraq və məqsədlərinin ayrı-ayrı üzv subyektlərin maraq və məqsədlərindən üstün tutulmasını ifadə edir. Bu anlamın ayrıca bir dövlətin xarici siyasət kontekstində özünü identikləşdirməsində ifadəsi də çox maraqlıdır. Burada kollektiv identikliyə malik olan dövlətin əsas olaraq başqaları ilə ortaq fəaliyyətə, əməkdaşlığa, özgə dövlətin bütün hüquqlarına hörmətlə yanaşmağa üstünlük verməsi əks olunur.

Ancaq realpolitikada meydana müəyyən çətinliklər çıxır. Çünki dövlətin başqa dövlətlərə hörmətlə yanaşması özündə siyasi, hüquqi, mənəvi, əxlaqi, mədəni, iqtisadi və digər faktorları bir-biri ilə qarşılıqlı əlaqədə nəzərə almağı tələb edir. Bu baxımdan dövlətin kollektiv identikliyi özünüdərk ilə başqalarını dərkin harmoniyası əsasında məzmun ala bilər. Bu da o deməkdir ki, reallıqda kollektiv identiklik dövlətin müxtəlif sferalarda fəaliyyətinin ierarxik strukturunu ön plana çıxarır.

Xarici siyasətdə isə onun iki səviyyəsindən bəhs etmək olar. Birincisi, dövlətin regional və beynəlxalq təşkilatların üzvü kimi kollektivçi münasibətlər qurmasıdır. İkincisi isə regional və qlobal miqyaslarda bir neçə dövlətin mürəkkəb və aktual problemin ortaq həlli ətrafında birləşməsidir (kollektiv yaratmasıdır). Aydındır ki, siyasi kollektivçiliyin bu növləri fərqli fəaliyyətlər tələb edir. Bununla yanaşı, hər hansı təşkilatda üzvlərin kollektivçiliyi ilə konkret bir problemin həllində iştirak edən dövlətlərin kollektivçiliyi arasında bir-birini tamamlaması prinsipi də olmalıdır. Politoloji aspektdə daha dərinliyə baş vurmadan COP-un bu kollektivçilikdən hansına aid olduğunu müəyyən etməyə çalışaq.

Regional, regionlararası və qlobal kollektivçilik

Yuxarıdakı qısa təqdimatdan belə alınır ki, regional, regionlararası və qlobal miqyaslarda dövlətlərarası münasibətlərdə kollektivçiliyin fərqli əlamətləri ola bilər. Regional təşkilatlarda üzvlərin kollektivçiliyi lokal xarakterlidir. Çünki regional təşkilata üzv olan və sayı qlobal miqyasda dövlətlərin sayından kəskin az olan subyektlər arasında münasibətlərdən söhbət gedir. Onlar üçün artıq qonşu regionda yerləşən ölkələr “özgədir”. Buna görə də kollektiv identiklik mahiyyətcə lokal xarakterlidir. Burada konkret regional təşkilatın üzvü üçün qonşu regionda yerləşən dövlət identiklikdən kənara çıxmadır, identiklik sərhədinin aşılmasıdır.

Bu cür təşkilatlarda regionlararası və ya qlobal problemlərin ortaq həlli məqsəd kimi qoyulmur. Əsas olaraq, konkret regiona aid olan problemlərin həllinə baxılır. Bu çərçivədə də üzv dövlətin kollektiv identiklik sərhədi müəyyən edilir.

Regionlararası miqyasda məsələyə daha geniş əhatədə baxılır və ona uyğun vəzifələr müəyyən edilir. Burada da, bütövlükdə, dünyanı narahat edən problemlərin həlli üçün kollektiv fəaliyyət yetərli deyildir. Kollektiv dövlət identikliyi regionlararası təşkilatın üzvü üçün daha geniş faktorları ehtiva edir. Dövlətin özünü digər üzv dövlətlərlə identifikasiyası çoxlu sayda parametri nəzərə almağı tələb edir. Ancaq burada da konkret məsələ üzrə kollektiv identiklik qlobal miqyası əhatə edə bilmir. Məsələn, milli təhlükəsizliyin təmini yalnız üzv dövlətlərin yerləşdikləri məkanların sərhədləri daxilində konkret məzmun və məna ala bilər.

Beynəlxalq təşkilatların üzvü kimi isə konkret dövlətin kollektiv identikliyi qlobal miqyası əhatə edir. Bu, daha mürəkkəb, ierarxik və çoxaspektli identiklik faktorlarının mövcudluğunu tələb edir. Bu səviyyədə təşkilatdaxili identikliklə ortaq problemin həlli ilə bağlı lazım olan kollektiv identiklik arasında fərqli münasibətlər meydana gəlir.

Ancaq vurğulanan kollektiv identiklik formaları üçün ümumi sayıla biləcək məqamlar da vardır. COP-a kollektivçilik növü kimi həmin prizmadan baxmaq olar.

COP kollektivçilik növü kimi

Beləliklə, COP ortaq problemin həlli üçün yaradılan kollektivçilik növüdür. Bu problem münasibətlərdə olan ölkələrin sayına görə bütün dünyanı əhatə edir. Problemin təsir dairəsi, kollektivçiliyin sərhədi isə Yer kürəsini və Kosmosu əhatə edir. COP elə qlobal problemdir ki, həlli üçün bütün dünya dövlətlərinin dövlət identikliyi nəzərə alınmalıdır. Bu, olduqca mürəkkəb və dolaşıq mənzərədir və həmin səbəbdən COP-un iqlim dəyişikliyini həll etməsi uzaq perspektivin işi kimi görünür. Bu həllə aparan yolda isə konstruktiv rolu kollektiv dövlət identikliyi oynaya bilər. Deməli, real olaraq iqlim dəyişikliyini həll etmək dövlətlərin kollektiv identiklik növünə keçməsi gərəkdir! Bu isə sifariş və ya istəklə olmur. Çünki hər bir dövlətin özünəməxsus identiklik tarixi vardır və onun keyfiyyətcə dəyişməsi imkansız görünür.

Bura böyük dövlət ənənəsi olan ölkələri də əlavə edəndə daha mürəkkəb vəziyyət yaranır. Ona görə ki, özlərini daha güclü sayan, beynəlxalq təşkilatlarda dominant mövqe tutan, imtiyazlı statusa malik dövlətlər özlərinin identikliklərini dəyişməkdə qətiyyən maraqlı deyillər. Buradan COP səviyyəsində qlobal problemlərin həllində paradoks yaranır. Bir tərəfdən iqlim bütövlükdə dünyaya aiddir və ondan kimsə sığortalanmamışdır, digər tərəfdən isə reallıqda bir sıra dövlətlər adət etdikləri identikliklərdən imtina edə bilmirlər. Konkret olaraq, onlar realpolitikada kollektivçi ola bilmirlər.

Yalnız kollektiv identiklik praktikası olan dövlətlər həqiqi mənada iqlim dəyişikliyinin bəşəriyyətin xeyrinə həllində maraqlıdırlar. Azərbaycan nümunədir.

Azərbaycanın kollektivçilik təcrübəsi

Biz COP kontekstində Azərbaycanın fəaliyyətinə 3 təşkilatın – Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və BMT çərçivəsində kollektiv identiklik kontekstində baxacağıq. Burada COP miqyasında İƏT qismən, QH ondan çox dərəcədə, BMT isə tam olaraq kollektiv identiklik xüsusiyyətlərinə malikdir. Azərbaycanın da bu təşkilatların hər birində kollektivçilik aspektində özünəməxsus təcrübəsi vardır.

İƏT

Azərbaycan 1991-ci ildən İslam Əməkdaşlıq Təşkilatının (2011-ci ilə qədər “İslam Konfransı Təşkilatı” adlanırdı) üzvü kimi müsəlman dövlətlərin həmrəyliyi, sülhün, barışın təmini və terrora qarşı mübarizə üzrə xeyli təcrübə toplamışdır. Azərbaycan artıq 33 ildir ki, həmin təşkilat çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsində fəal iştirak edir. Bunun nəticəsidir ki, qısa müddətdə ölkəmiz İƏT-in nüfuzlu dövlətlərindən birinə çevrilib. Bu, Azərbaycanın məhz təşkilatdaxili kollektivçiliyə verdiyi real töhfələr fonunda tamamilə məntiqidir. Eyni zamanda, Azərbaycanın İƏT çərçivəsində kollektiçilik fəlsəfəsinin müəyyən sərhədləri vardır. Həmin sərhədlər müsəlman ölkələrinin kollektiv identikliyi və ayrıca, ortaq problemlərin həllində kollektiv fəaliyyətin prinsiplərinə əməl etməklə müəyyən olunur.

Bununla yanaşı, COP aspektində İƏT təcrübəsinin maraqlı və əhəmiyyətli bir özəlliyi mövcuddur. Həmin özəllik Azərbaycanın müstəqil dövlət kimi kollektiv dövlət identikliyinin konkret regional¸ mədəni və dini mənsubluğun hüdudunu aşaraq, bütövlükdə, dünya üçün mənası və əhəmiyyəti olan faktorlar (problemlər, məsələlər və s.) üzrə beynəlxalq təcrübə qazanması ilə bağlıdır. Məsələn, İƏT çərçivəsində bu istiqamət özündə üç sferanı ehtiva edir.

Birincisi, eyni dinə malik cəmiyyətlərin kollektiv identiklik təcrübəsinin formalaşması.

İkincisi, İƏT üzv olan dövlətlərin təşkilatdaxili mühitdə kollektivçilik fəlsəfəsinin formalaşması.

Üçüncüsü, bütövlükdə müsəlman dünyası üçün aktual olan problemlərin İƏT prizmasında həllində kollektiv identikliyin real göstəricilərinin formalaşması.

Nümunə üçün iki məsələni vurğulaya bilərik. Onlardan biri rəsmi Bakının diplomatik məharətinin çox gözəl təsdiqidir. Azərbaycan diplomatiyası uğurlu fəaliyyəti ilə Qarabağ məsələsini İƏT-in ən aktual problemlərindən biri kimi qəbul etməsinə nail oldu. Bununla əvvəllər fraqmentar və laqeyd münasibət göstərdikliləri bir problemi İƏT təşkilat olaraq daxili identikliyinin aktual faktorlarından biri kimi qəbul etdi.

Digər nümunə yenə də əsas olaraq Azərbaycanın fəallığı ilə beynəlxalq terrorizmə qarşı mübarizənin İƏT-in kollektiv fəaliyyətnin çox mühüm bir parametrinə çevrilməsidir. Əhəmiyyətlidir ki, Azərbaycan tərəfi bu məsələni iki aspektin sintezində reallaşdıra bilmişdir. Onlardan biri İslamın din olaraq real obrazının qarşı tərəfə qəbul etdirilməsi, digəri isə erməni terrorunun əsl simasını göstərməklə müsəlmanlara atılan terrorçu böhtanlarının arxasında müəyyən dairələrin Azərbaycan dövlətçiliyini və müstəqilliyini yox etməyin dayandığını nümayiş etdirməklə əlaqəlidir.

Bununla Azərbaycanın İƏT təcrübəsi kollektiv dövlət identikliyi baxımından iki mühüm məsələni həll etdi. Birincisi, Azərbaycan Ermənistanın təcavüzünə haqq qazandırmağa çalışanların dindən süni istifadə cəhdlərini neytrallaşdırdı. İkincisi, Azərbaycanın bir müsəlman ölkəsi kimi hüquqa, ədalətə, beynəlxalq münasibətlərin şərtlərinə dəqiq əməl edən sivil dövlət olduğunu sübuta yetirdi.

İƏT faktiki olaraq Azərbaycanın kollektiv dövlət identikliyində hüquq, din, mədəniyyət və sivillik kimi parametrlərin müasir demokratik, layiq və sülhsevər dövlətçiliyində önəmli yer tutduqlarını nümayiş etdirmək platformasıdır.

Buradan Azərbaycanın COP kimi tədbirləri təşkil etməsinə sivillik, bəşərilik, mədəniyyətə və dini əsaslara malik olması nəticəsi çıxarılır. Həmin təcrübə COP kontekstində Qoşulmama Hərəkatı və BMT-də toplanan təcrübə ilə bir-birini tamamlayır və ümumi pozitiv mənzərə yaradır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Seçilən
27
xalqqazeti.az

1Mənbələr