AZ

"Bu oyuna görə futbolçularıma narazılıq bildirmədim" - Qurban Qurbanov

"Qarabağ" Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda "Lion"a uduzdu - 1:4.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Azarkeşlərimizə təşəkkür edirəm. Belə hava şəraitində bizimlə oldular. Oyuna gəlincə, hesab üzücü görünür. İkinci hissəsin ortalarında komandada boşluqlar yarandı. Sürətli hücumların qarşısını ala bilmədik. Düzü, oyundan razı qaldım. Futbolçularım bilirdilər ki, rəqib çox yaxşı komandadı. Futbol belədi. Fürsətlərdən istifadə edə bilməyəndə rəqib səni cəzalandırır. Qarşıdakı oyunlara hazırlaşmalıyıq.

- Buraxılan qollar bəxtsizlikdən idi, yoxsa ustalıq fərqi?
- Bəxtsizlik ifadəsini çox işlətmirəm. Məsələn, top iki dəfə tirdən və dirəkdən qayıtdı. Həm də qəbul etməliyik ki, futbolçuların ustalıq səviyyəsi yuxarı idi. Böyük ehtimalla məhz bununla bağlıdı.

- 60-cı dəqiqədə üç dəyişiklik etdiz. Bundan sonra qollar buraxdız. Sizcə əvəzetmələr komandaya mənfi təsir etdi?
- Dəyişiklik etmək mənim üçün çox çətin qərardı. Sürəti qaldırmaq, müdafiə xəttində aktiv olmaq lazım idi. Rəqib belə məqamlardan istifadə etdi. İkinci qolu sadəcə texniki səhv ucbatından buraxdıq. Rəqib hansısa hücum qurmadı. Hər iki qoldan əvvəl biz qol vurmalıydıq. Deməli, bu gün məğlub olmalıymışıq...

- Üç oyun qalıb. İkisi səfərdədi. Pley-off mərhələsinə yüksəlmək şansınızı necə qiymətləndirirsiz?
- Məncə, hələ şans qalıb. Rəqiblər ildən-ilə bizə daha diqqətli, ciddi yanaşırlar. Hər biri güclüdü. Biz onlarla başabaş mübarizə aparmalıyıq. Avropanın üslubunu öyrənməliyik. Məsələn, "Səbail"lə matçda meydan sulandı, quruması üçün xeyli zaman lazım oldu. Bu da oyunun tempinə təsir etdi. Bəzən hakimlər matçı tez-tez saxlayır. Belə məqamlar ümumi performansa təsirsiz ötüşmür.

- Juninyonun bugünkü performansından razı qaldız? Kənardan zəif görünürdü...
- Ondan razı qalmadığımı desəm, düzgün olmaz. Futbolçu hər matçda eyni tempdə oynaya bilməz. Juninyo dörd yüzfaizlik qol epizodunda iştirak etdi. Belə statistika hücumçu üçün yaxşıdı. Yenə də belə oyunlarda daha hərəkətli olmaq lazımdı.

- Adətən, Benzyanı əvəz etmirsiz. Bu, nəylə bağlı oldu?
- Benzya demək olar ki, yorulmuşdu, əldən düşmüşdü. Matçda sürətə ehtiyac var idi.

- Hər məğlubiyyətdən sonra futbolçulardan razı qaldığınızı deyirsiz. Belə hallarda futbolçuları cəzalandırırsızmı? Sizcə, onları silkələmək lazımdımı?
- Bəlkə də biz fərqli gözlərlə baxırıq. Futbolun inkişafıyla bağlı xeyli detal var. Komandamdan narazı qaldığım vaxtlar da olub. Bu, bizim işimizin bir hissəsidi. Cərimələr də olur, iradlar da bildirilir. Yenə deyirəm ki, bu oyuna görə futbolçularıma narazılıq bildirmədim. Hər şeyin öz həddi var. Siz rahat olun. Nə lazımdısa, edilir. Bəzən onlara təşəkkür də edirəm. "Ayaks", "Tottemhem" və "Lion" kimi komandalar "böyük beşlik" ölkələri təmsil edir. Belə rəqiblərə qarşı çəkinmədən mübarizə aparırıq. Bu gün müdafiə də oluna bilərdik. Amma belə olmasını istəmirəm. Futbolçularım cəsarətli olmalıdı. Rəqiblərdən çəkinməməliyik. Az səhv etmək haqda düşünsəydik, indi belə səviyyədə olmazdıq.

- Bu gün gürcüstanlı futbolçu dubl etdi. Bizə nə qədər vaxt lazımdı ki, ən azı "Qarabağ"ın avrokuboklardakı start heyətində azərbaycanlı mərkəz hücumçusu çıxış etsin?
- Ümid edirəm ki, qısa müddətdə olar. Hətta sayları çox olar. Bu haqda danışmaq çətindi.

- Oyunun qırılma nöqtəsi ikinci qol idi. Dəqiq desək, Medinanın səhvi... Ümumiyyətlə, o, gah "qırmızı" alır, gah penaltiyə səbəb olur...
- Bu, yalnız istəklə bağlıdı. Bəzən futbolçu ən yaxşısını etməyə çalışır və səhvə yol verir. Bəzən də rəqib səni buna məcbur edir.

KƏNAN BAHADIR

Seçilən
35
football-plus.az

1Mənbələr