AZ

Avropanın Azərbaycan qazına tələbatı artır

Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür, elə bu səbəbdən də Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır

Avropa İttifaqında 2021-ci ildən başlayan təbii qaz təminatı böhranı regionun enerji siyasətinə, iqtisadiyyatına və ictimai əhval-ruhiyyəsinə əhəmiyyətli təsir göstərməkdə davam edir. Qaz ehtiyatlarının bərpası və tələbatın azalması ilə bağlı verilən bəyanatlara baxmayaraq, qaz qiymətləri hələ də yüksəkdir, qarşıdan gələn qışın riskləri isə bu “dayanıqlığın” nə qədər kövrək olduğunu göstərir.

Məlumdur ki, Ukrayna ilə Rusiya arasında təbii qazın Avropaya tranzit nəqlinə dair imzalanmış müqavilənin müddəti gələn ay başa çatır. Ukrayna qəti şəkildə bildirib ki, müqavilənin müddətini uzatmaq niyyətində deyil. Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə təhdid yaradıb. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib. Hərbi əməliyyatların davam etməsinə baxmayaraq, Rusiya Ukrayna ərazisindən hələ də Avropaya qaz ixrac edir. “Qazprom”un açıqlamasına görə, əvvəlki illərdən fərqli olaraq, Avropaya qaz ixracının həcmi 10 dəfə azalıb. Beynəlxalq Enerji Agentliyinin hesabatında isə göstərilir ki, ötən il Rusiyanın qaz ixracı 60 faiz azalıb və Avropaya bu həcm cəmi 15 milyard kubmetrə düşüb. Ukraynanın öz ərazisindən Rusiya qazının tranzitinə imkan verməməsi və Avropa İttifaqının (Aİ) rus qazından tamamilə imtina etmək niyyəti dilemma yaradıb.

“Bloomberg”in enerji üzrə mütəxəssisi Havyer Blas qeyd edir: “2025-ci ilin fevralında Aİ məsələni gündəliyə çıxaracaq və martın 3-də Rusiyadan qaz ixracı tamamilə kəsiləcək. Odur ki, Aİ alternativ mənbələrdən təbii qaz ixracının artırılması üçün hərəkətə keçməlidir”. Aİ təhlükəni nəzərə alaraq hərəkətə keçdi və Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixracı artırıldı. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır”.

Azərbaycan 2021-ci ilin iyulunda Aİ ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi ilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq. Energetika Nazirliyinin açıqlamasına əsasən, 2028-ci ildə “Ümid” və “Abşeron” yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək dünya bazarına çıxarılması gözlənilir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir. Yeri gəlmişkən, son illər “köhnə qitə”də getdikcə geniş­lənməkdə olan interkonnektorlar şəbəkəsi də öz mənbəyini məhz Cənub Qaz Dəhlizindən götürür. Yunanıstan, Bolqarıstan, Bolqarıstan–Serbiya interkon­nektoru vasitəsilə Azərbaycan qazının ixracı daha geniş böl­gələri əhatə edib. Bundan başqa, 2027-ci ilin sonunadək Azərbaycan yaşıl enerji layihələri çərçivəsində 1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr “mavi yanacağa” qənaət etməyə imkan verəcək. Bu gün Avropanın 4 ölkəsində - Macarıstan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir. Qışın necə keçiriləcəyi bir tərəfə, əlavə olaraq təkcə Slovakiya büdcəsində 700-800 milyon dollar həcmində defisit yarana bilər və digər ölkələr də ciddi enerji problemi ilə üz-üzədir. Problemin aradan qaldırılması istiqamətində Azərbaycanın məxsusi rolu var. Bu gün Prezident İlham Əliyevin müəyyənləşdirdiyi balanslaşdırılmış xarici siyasət kursu öz bəhrələrini verməkdədir. Ölkəmiz həm Rusiya, həm də Ukrayna ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini qoruyub saxlayır. Bunun nəticəsidir ki, müharibə vəziyyətində olmalarına baxmayaraq, bu iki dövlət Azərbaycana etimad göstərərək qaz tranziti məsələsində rəsmi Bakının vasitəçilik etməsini istəyir. Prezident İlham Əliyevin diplomatik məharəti, Azərbaycanın qlobal siyasi proseslərdə vasitəçilik etməsi onu deməyə əsas verir ki, ölkəmiz beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirib və dünya birliyində söz sahibinə çevrilib.

Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda moderatorun qaz tranziti məsələsi ilə bağlı suallarını cavablandırarkən demişdir: “...Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, - bu isə dekabr ayına təsadüf edəcək, - bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır. Bizdə müəyyən nikbinlik var. Çünki biz bu kontekstdə hər iki ölkə ilə təmasdayıq və görürük ki, ciddi irəliləyiş üçün zəmin var. Ancaq tərəfimdən təfərrüatların açıqlanması erkən olar. Burada uğura nail ola bilsək, zənnimcə biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik”.

Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevə müstəqil bir dövlətin rəhbəri kimi böyük inam var. Digər tərəfdən, qazın Ukrayna ərazisindən nəqli bütün tərəflərin maraqlarını əks etdirir. Bu baxımdan Azərbaycan hazırda Aİ üçün həlledici ölkələrdən birinə çevrilib. Ölkəmiz bu reallıqdan kifayət qədər böyük fayda götürə bilər.

Sevinc Azadi, “İki sahil”

Seçilən
14
ikisahil.az

1Mənbələr