AZ

Zəngəzur dəhlizi böyük dövlətlərin diqqət mərkəzində

Bu nəqliyyat "damarı" işə düşəndə əhatəsindəki ölkələrə iqtisadi gəlir daşıyacaqdır

Lakin bunun qarşısını kəsən bir tıxac var. İndiyədək Azərbaycan tərəfindən yolun açılması ilə bağlı görülən işlər bədniyyət qonşunun ərazisində "çilləkənləyib." Belə sərsəm hərəkətləri ilə Ermənistan getdikcə özü-özünü “lənətlənmiş adaya”, lazımsız ölkəyə çevirməkdədir. İri beynəlxalq layihələrdən kənarda qalan “cırtdan” ölkə heç olmasa sonuncu imkandan da-Zəngəzur dəhlizindən istifadə etmək istəmir. Baş nazir Nikol Paşinyan sülh sazişinin imzalanması üçün Azərbaycanın tələblərini yerinə yetirməkdən boyun qaçırdıqca beynəlxalq aləmin diqqətini öz üzərinə yükləyir, həm də pis mənada. Cənubi Qafqaz regionunda marağı olan böyük dövlətlər Ermənistanın ağılsız iddialarını dəstəkləmir, xüsusilə Zəngəzur dəhlizinin açılmasına əngəl yaratmasını qətiyyən qəbul etmirlər. Bu məsələ artıq dünyanın söz sahibləri tərəfindən müzakirəyə çıxarlmaqdadır. Qədim İpək Yoluna bərabər statusda olan bu nəqliyyat "damarı" özü ilə onlarla dövlətə iqtisadi gəlir daşıyacaqdır. Buna qarşı aparılan pozucu işləri gözüaçıq ermənilər görür və narahatlıqlarını bildirirlər. Axı, yarımqapalı blokada iqtisadi inkişafa imkan vermir. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılmasını Çin, Rusiya, Pakistan, Qazaxıstan, Azərbaycan, Türkiyə və digər türk dövlətləri tələb edirlər. Onların tələbini dəstəkləyən bir çox Yaxın və Uzaq Şərq ölkələri də var. Böyük dövlətlərin Zəngəzur dəhlizi ətrafında hərəkətlənməsi Ermənistan ictimaiyyətini dərindən narahat edir.

"Qərb, xüsusən də Böyük Britaniya Zəngəzur dəhlizinin açılması üçün fəallığını artırıb."

Bu sözləri tanınmış erməni politoloq Stepan Danielyan deyib. Onun fikrincə, Zəngəzur dəhlizinə olan maraq Azərbaycan və Türkiyə ilə məhdudlaşmır: “Azərbaycan və Türkiyənin məqsədi aralarında quru əlaqəsi yaratmaq və türk dünyasına-Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etməkdir. Bu proyekt bölgəyə yeni geosiyasi dəyişikliklər gətirəcək. Məsələn, Böyük Britaniya bu məsələdə çox fəaldır. Siyasi elmin banilərindən olan Makkinder və Hayholter hələ 100 il əvvəl bu məsələni belə qiymətləndirirdilər ki, Mərkəzi Asiyaya kim nəzarət etsə, bütün dünyada hegemonluq edə bilər."

İndi də mütəmadi olaraq konfranslar keçirilir: Mərkəzi Asiya-ABŞ, Mərkəzi Asiya-Avropa İttifaqı, Mərkəzi Asiya-Çin, Mərkəzi Asiya-Rusiya, Mərkəzi Asiya-Türkiyə. Beyin mərkəzlərində də ABŞ Prezidenti Donald Trampa Mərkəzi Asiyanın Rusiya və Çinin nəzarəti altına düşməsinin qarşısını almaq üçün bölgədə daha fəal olmağı tövsiyə edən məqalələr dərc olunur. Mərkəzi Asiyaya isə yol ancaq Cənubi Qafqazdan keçə bilər, çünki bir tərəfdə Rusiya, bir tərəfdə İran, digər yanda Çindir.

Göründüyü kimi, zəif və cırtdan Ermənistan bu güclərin tək birinin də qarşısında dura bilmək iqtidarında deyil. Sadəcə, ağalarının əmri ilə vaxtı mümkün qədər çox uzatmağa cəhd göstərir. Ancaq başıboş rəhbərlər anlamaq istəmirlər ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın büdcəsinə hər il yüz milyonlarla dollar pul gətirərdi.

İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra işğalçı ölkənin rəhbərləri saysız-hesabsız bəyanatlarında bildirirdilər ki, guya onlar da Zəngəzur dəhlizinin açılmasına hazırlıq işləri aparırlar. Ancaq hələlik oradan-buradan göndərilən dilənçi payları ilə hayların başını tovlayan Ermənistanın sərsəm rəhbərliyi xaricdəki ağalarından geri addım atmamaq, yəni yolun açılmasına süni əngəl yaratmaq göstərişi aldığına görə ağılsız inadkarlıq edir. Həmin ağaların çəkindiyi yer isə Zəngəzur dəhlizi vasitəsi ilə türk dövlətlərinin birləşməsidir. Bu qorxu Ermənistanın da qanında dövr edir. Faktlar da ona dəlalət edir ki, ayağının altına daş qoyanlar olmasa haylar qoyun balası kimi Azərbaycanın bütün tələblərinə çək-çevirsiz əməl edərdi. Edəcək də. Çünki başqa yolu yoxdur. Ancaq geci-tezi var...

Vəli İlyasov, "İki sahil"

Seçilən
16
ikisahil.az

1Mənbələr