AZ

Hesaba uyğun olmayan oyun

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində növbəti məğlubiyyətini yaşayıb. “Atlılar” V turda Fransanın “Lion” komandasına uduzub – 1:4.

Tofiq Bəhramov adına Respublika stadionunda havanın yağışlı və soyuq olmasına baxmayaraq, tribunalar dolu idi. Böyük azarkeş dəstəyini arxasına alan “Qarabağ” matçdan minimum bir xal qazanmağı planlaşdırırdı. Oyunun startı da pis alınmırdı. Lakin hücumlardakı son qərarlarda, ötürmələrdəki yanlışlıq fərqlənməyi mümkün qılmadı. Əvəzində sürətli hücuma keçən “Lion” keyfiyyətini ortaya qoydu və hesabı açmağa nail oldu.

Qoldan sonra irəli atılan “Qarabağ”ın ifasında maraqlı hücumların şahidi olduq. Fasiləyə qədər iki dəfə dirəyi tuşlayan “atlılar” çox çalışsa da, birinci hissədə məğlubiyyətdən qurtula bilmədi. Sərgilənən oyun ümid verir, geridönüşə həyəcanı artırırdı. Ancaq ikinci hissədə fransızlar daha nizamlı göründü və hücum üstünlüyünü ələ əlmağı bacardı. “Qarabağ”da bu mövsüm əsas problemlərdən olan müdafiədəki boşluq bu görüşdə də komandaya baha başa gəldi. Rəqibin təcrübəli oyunçusu Korentin Tolisso təmsilçimizin top itkisindən sonra gözəl zərbə ilə fərqi artırdı. Çox keçməmiş daha bir qol vuran “Lion”da rahatlıq və qələbəyə erkən sevinc hiss edildi. Yanılmırdılar. “Lion” kimi təcrübəli komanda önündə 0:3-dən qayıtmaq mümkünsüzü istəmək kimi idi. Məhz bu qoldan sonra artıq komandada ruh düşkünlüyü hiss olundu. Buna baxmayaraq təsəlli qolu axtarışında olan “Qarabağ”ın rəqibin fərqi 0:4 etməsindən sonra penaltidən vurulan qolla müəyyən təsəlli tapdı.

“Lion”la görüş komandaların səviyyə fərqini bir daha nümayiş etdirdi. Eyni zamanda bəxt amili də fransızlardan yana idi. “Qarabağ”ın dirəkdən qayıdan zərbələri, hücumda boşa verilən fürsətlər yekunda “atlılar”ın xalsız qalmasına səbəb oldu. Nəticə nə qədər 3 fərqli olsa da, sərgilənən oyun buna uyğun olmadı. Matçdan sonra “Lion”un da baş məşqçisi Pyer Saj media nümayəndələri ilə görüşdə “Qarabağ”ı tərifləyib, daha çox qol vurmaq gücündə olduğunu etiraf edib.

Hərçənd, yaradılan epizodlar, qol şansları, dirəklər və s. nəticəyə təsir etmir. Statistika fərqli ola bilər, lakin yekun “Qarabağ”ın əleyhinə oldu.

5 turdan sonra 4 məğlubiyyəti olan “Qarabağ” hazırda 36 komanda arasında 33-cüdür. Qurban Qurbanovun yetirmələri pley-offa vəsiqə verən 24-cü sıradan 2 xal geridədir. Qarşıda hələ üç oyun var və hələ heç nə bitməyib.

Şahin Cəfərov

Seçilən
32
futbolpress.az

1Mənbələr