Firdovsi Şahbazov: “Müəyyən qrup sahibkarlar kərə yağını idxal edir və istədikləri qiyməti diqtə edirlər”
Son aylarda Azərbaycanda kərə yağının qiymətində artım müşahidə edilir. Məsələnin diqqəti çəkən məqamı ondan ibarətdir ki, ölkədə yağın qiymətində artım artıq il ərzində üçüncü dəfədir ki, baş verir. Elə marka kərə yağı var ki, ötən ilin sonunda kiloqramı 19 manat idisə, hazırda 24 manata satılır.
Bu, artıq 30 faizə yaxın artım deməkdir. Problem həm də ondadır ki, Azərbaycan kərə yağında idxaldan asılıdır. 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 123 milyon 972 min dollar dəyərində 22 min 204 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdarda 84.2, dəyərdə isə 84.5 faiz çoxdur.
Məsələnin qəribə tərəfi odur ki, ölkəyə kərə yağının gətirilməsi güzəştli gömrük rüsumları ilə həyata keçirilsə də, bu, qiymətlərin artmasını önləmir. Məsələn, bu ilin ilk doqquz ayında Azərbaycana idxal olunan kərə yağının kiloqramının orta gömrük dəyəri 5.6 dollar (9.5 manat) olub. Ancaq buna baxmayaraq, kərə yağlarının kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 20.9 manat olub. Məlum olur ki, ölkəyə idxal edilən yağın qiyməti piştaxtaya çıxana qədər azı iki dəfə artır. Niyə?
“Digər səbəb böyük ölçüdə idxaldan asılı olmağımızla bağlıdır”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, kərə yağının baha olmasının başlıca səbəbi bu sahədə mövcud olan monopolyadır: “Problem ondadır ki, ölkədə istənilən sahibkar gedib xaricdən kərə yağı idxal edib gətirib ölkədə sata bilməz. Əgər belə bir imkan olsa, o zaman qiymətlərin bu qədər baha olması mümkün deyil. Çünki müəyyən qrup sahibkarlar kərə yağını idxal edir və istədikləri qiyməti diqtə edirlər. Dünya bazarında qiymətlər cüzi artan kimi, onlar qiyməti kəskin artırırlar. Halbuki, onsuz da bizdə yağların qiyməti dəyərindən çox bahadır. Bundan əvvəl dünya bazarında kərə yağının qiyməti 20 faizə qədər ucuzlaşdı, amma bu ucuzlaşma zərrə qədər də olsa Azərbaycanda yağların qiymətinin aşağı düşməsinə səbəb olmadı. Tam əksinə, işbazlar qiymətləri hər fürsətdə qaldırırlar. Kərə yağının baha olmasının digər səbəbi isə, böyük ölçüdə idxaldan asılı olmağımızla bağlıdır. Əfsuslar olsun ki, kənd təsərrüfatında heyvandarlığın inkişafı yerində sayır. Bu sahənin inkişafına büdcədən vəsait ayrılsa da əsaslı inkişaf yoxdur. Yerli heyvanların məhsuldarlığı aşağıdır. Üstəlik, son illər örüş sahələrinin azalması, müasir üsulların tətbiq edilməməsi məhsul istehsalına mənfi təsir edir. Ancaq bir daha qeyd edim ki, kərə yağının baha olmasının əsas səbəbi monopoliya ilə bağlıdır”.
Vidadi ORDAHALLI