AZ

Gözlənilən xaos XƏBƏRDARLIĞI - Bakıdan reaksiya 

 Narişkinin narahatlığına real səbəb var, yoxsa...

Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin xəbərdarlıq edib ki, “Ukraynada sakitləşə bilməyən” Qərb ölkələri “MDB ölkələrinin ərazisində xaos yaratmağa çalışacaqlar”.

Narışkin onu da qeyd edib ki, Rusiya Qərb ölkələrinin 2020-ci ildə Belarusda rəngli inqilab cəhdinə, eləcə də Qazaxıstanda iğtişaşlara səbəb olan hərəkətlərini unutmayıb. “Buna görə də MDB-nin kəşfiyyatı ilə xüsusi xidmət orqanları arasında qarşılıqlı əlaqə aktualdır və hesab edirəm ki, uzun illər üçün aktual olacaq”, - Xarici Kəşfiyyat Xidmətinin rəhbəri bildirib.

“Mövcud məlumatlara görə, Amerika və Böyük Britaniya kəşfiyyat xidmətləri regionumuzun dövlətləri arasında təkcə siyasi və iqtisadi deyil, həm də dərin tarixi və hətta coğrafi əlaqələri kəsmək kimi iddialı vəzifə qoyublar”, - deyə, kəşfiyyat rəhbəri qeyd edib.

Yada salaq ki, Narışkin 2-3 oktyabr tarixlərində Bakıda rəsmi səfərdə də olub. Onun beynəlxalq aləmdə gərginliyin artdığı bir zamanda ölkəmizə gəlməsi xüsusi diqqət çəkib. Amerikanın müxtəlif beyin mərkəzlərinin rəyinə görə, ABŞ-ın Xəzərlə bağlı əsas strateji məqsədi Rusiya və İrana qarşı tarazlığı qoruyub saxlaması üçün Xəzəryanı ölkələrə dəstək olmalıdır. Taktiki səviyyədə ABŞ-ın Xəzər dənizində əsas məqsədi dost ölkələrə dəniz sərhədlərini, həyati əhəmiyyətli enerji infrastrukturunu qorumaq, terrorçuların və narkotiklərin axınının qarşısını almaqda kömək etməkdir. Sanksiyalar Rusiyanın Xəzər regionunda təsirini azaltmayıb, Xəzərin statusu haqda konvensiya xarici ölkələrə burada baza yaratmağı qadağan edir. Xəzər dənizi zonasında yerləşən postsovet ölkələri artıq mövqelərini xeyli möhkəmlədiblər və amerikalıları burada “dördgözlü” gözləmirlər. Sual olunur: Rusiyanın ard-arda bu kimi xəbərdarlıqları MDB məkanında təsirlərini saxlamaq üçün təhdid elementidir, yoxsa doğrudan da hansısa hərəkətlilik varmı? ABŞ ötən əsrin 1990-cı illərinin ortalarında Amerika şirkətlərinin Azərbaycan və Qazaxıstanın şelfindəki neft-qaz yataqlarına fəal şəkildə daxil olduğu zaman Xəzər dənizində əldə etdiyi uğuru təkrarlaya biləcəkmi?


Deputat Azər Badamov Qərbin əsl niyyətinə çatdığı ölkələrin xalqlarının xoşbəxtliyə qovuşmadığını bildirdi: “Qərb MDB-yə daxil dövlətlərdə ictimai-siyasi sabitliyi pozmaqla dövlət çevrilişlərinin edilməsi yolu ilə özlərinin tabeliyinə alınma siyasətini uzun illərdir ki, davam etdirir. Hansı ölkələrdə hakimiyyət boşluğu varsa, onlar öz niyyətlərinə nail ola biliblər. Məsələn, Ukraynada, Gürcüstanda, Ermənistanda, Moldovada öz niyyətlərinə çatdılar. Amma o ölkələrin xalqları xoşbəxtliyə qovuşmadılar. Belə ki, ərazilərin bir hissəsinin itirilməsi və sonu görünməyən sabitliyin pozulması ilə qarşılaşdılar. O cümlədən insan haqlarının dəstəklənməsi adı altında USAİD və digər belə fondlar vasitəsilə radikal müxalifət qruplarının maliyyələşdirilməsi, qabaqcadan hazırlanmış siyasi texoloqlardan istifadə etməklə cəmiyyətlərdə dövlətlərə qarşı vətəndaşların qaldırılması siyasəti uzun illərdir ki, davam etməkdədir. Belə ki, Qazaxıstanda və Qırğızıstanda belə cəhdlər oldu və dövlətin vaxtında gördüyü tədbirləri sayəsində Qərbin planlaşdırdığı çirkin planlar ayaq tutub yerimədi. Bu gün də belə təhlükələr qalmaqdadır və insan haqlarının müdafiəsi adı altında antidövlət layihələrini ölkələrimizə daşımaq cəhdləri davam etməkdədir. Bəzi ölkələr milli qanunvericiliklərdə dəyişikliklər edərək xaricdən gələn vəsaitlərə nəzarəti gücləndirdilər və hesabatlılığın məcburiliyi tələb edilməyə başlandı. Bu da Qərbin çirkin planlarının həyata keçirilməsinə, müəyyən qədər baryerin çəkilməsinə imkan yaratdı. Hətta Gürcüstanda Xarici agentlər haqqında qanun müzakirəyə çıxarılanda Qərb Gürcüstana çox ciddi siyasi təzyiqlər göstərməyə başladı. Bu baxımdan biz öz milli, müstəqil dövlətlərimizi xarici təsirlərdən həmişə qorumalıyıq və Qərbin çirkin planlarının, "beşinci kolon"ların ayaq açmasına imkan verməməliyik".


Siyasi təhlilçi Sona Əliyeva Qərbin, xüsusilə ABŞ-ın işinin indi daha çətin olduğunu söylədi. Onun sözlərinə görə, hazırda MDB məkanına Qərbdən qapalı təhdidlərin olduğu heç kimdə şübhə doğurmur: “Ukraynadakı dolaşıq düyündən sonra Qərb koalisiyası Moldova və qonşu Gürcüstanda öz çirkin niyyətlərini həyata keçirməyə çalışdılar. Artıq Ermənistanda bütün rıçaqları əllərinə keçirən avropalılar növbəti hədəf kimi Azərbaycanı və Orta Asiyanı, Türküstan regionunu seçiblər. ABŞ və Qərb koalisiyası Xəzər hövzəsində möhkəmlənməklə İran və Rusiyaya qarşı iqtisadi-strateji mühasirə halqasını bir az da daraltmaq istəyirlər. Amma indiki mərhələdə Azərbaycan və Orta Asiyadakı türk dövlətləri Qərbin həmlələri qarşısında daha dözümlü və daha möhkəm görünürlər. Səbəbi sadədir, artıq türk ölkələri öz təşkilatlarını yaradıblar və yeni dünya nizamında öz çətirləri altında oyun qurmaqda maraqlıdırlar. ABŞ son 30 ildə Xəzər regionunda möhkəmlənməyi bacarmadı. Çünki Rusiyanın təsir dairəsi o zaman daha güclü görünürdü. İndi isə Xəzər hövzəsində altı müstəqil təsir dairəsi TDT bayrağı altında boy göstərməyə çalışır. Bir sözlə, Qərbin, xüsusilə ABŞ-ın işi indi daha çətindir. Rusiyanın baş kəşfiyyatçısı Sergey Narışkinin təkcə Bakıya yox, eyni zamanda bütün Orta Asiya regionuna xəbərdarlıq etməsi başadüşüləndir. Ona görə ki, indi əsas narahat olan tərəf Kremldir. Moskva geostrateji və geoiqtisadi mühasirə halqasının daha da daralmasını istəmir. Rusiya Türk Dövlətləri Təşkilatının durmadan güclənməsini də həzm edə bilmir. Amma şimal qonşumuzun başqa çıxış yolu da yoxdur. Hazırda əsas təhlükə Qərb qapılarındandır. Moskvanın nöqteyi-nəzərindən baxdıqda həmin qapılardan biri artıq Qərbə təslim olub. Söhbət Ermənistandan gedir. Gürcüstan isə hələ ki iki yol ayrıcında işıq gələn tərəfə boylanır, amma addımları it hürən istiqamətədir. Ermənistanın Qərbə əl qaldırması İranın da işini müşkülə çevirdi. İran da indi Ermənistanla münasibət bucaqlarını dəyişməyə başlayır. Bu dəyişimin də əsas səbəbi məhz Qərbdir. Yanvarın 20-dən sonra isə vəziyyət tamamilə dəyişəcək. Neftin qiymətləri düşəcək. Tramp hakimiyyəti məhz bu amildən istifadə edərək Xəzər hövzəsindəki neft-qaz hasilatçılarına yeni iqtisadi həmlələr etməyə, gələcək perspektivdə Xəzər regionunda möhkəmlənməyə çalışacaq. ABŞ-ın yaxın onillikdəki əsas hədəflərindən biri də budur. Narişkinin Bakıya və digər MDB oyunçularına əsas xəbərdarlığı da məhz bu narahatlıqlardan ibarətdir”.

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Amerikanı güvənsiz tərəfdaş adlandırdı: “Amerika regionda etibarını itirib. Ən azı regionun əsas ölkələrindən olan Azərbaycanla münasibətlərini korlayıb. Baxmayaraq ki, Əfqanıstan müharibəsində Amerika təyyarələri Azərbaycanda "zapravka" alıb uçurdular. Mən hələ “Silkwey” şirkətinin Azərbaycan ərazisindən yük daşımalarını demirəm. Bütün bunlara rəğmən Azərbaycan torpaqlarını 30 illik işğaldan azad etməyə başlayandan sonra ABŞ konkret bunun əleyhinə çıxdı və bizi təhdid etməyə başladı. İşləri düşəndə neqativlərə göz yuma bilirlər, amma sənə ehtiyac duymayanda əsl simalarını göstərirlər. ABŞ özünü güvənsiz tərəfdaş kimi göstərdi. Rəsmi Bakının gözündə bu belədir. Qazaxıstan da düşünmürəm ki, Rusiya ilə münasibətlərini ABŞ-a görə riskə atar. Həm də unutmayaq ki, Qazaxıstanla Rusiya KTMT və Avrasiya İttifaqında müttəfiqdirlər. ABŞ Xəzər dənizində olmadığı kimi zəifdir və bunun günahını özündə axtarmalıdır".//musavat.com


Seçilən
11
1
referans.az

2Mənbələr