AZ

Gələn ilin dövlət büdcəsi davamlı iqtisadi artımı təmin edəcək

Büdcədə sosialyönümlü xərclərin üstünlük təşkil etməsi vətəndaşın sosial rifahının hər zaman prioritet olduğunu təsdiqləyir

Xəbər verildiyi kimi, Milli Məclisdə "2025-ci ilin dövlət büdcəsi" layihəsi  birinci oxunuşda qəbul edilib. 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat məbləğində nəzərdə tutulur. 2025-ci il üçün icmal büdcəsinin gəlirləri 43 milyard 911 milyon manat, xərcləri 47 milyard 589 milyon manat, kəsiri isə 3 milyard 679 milyon manat proqnozlaşdırılır. Büdcə gəlirlərimiz 38,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 5,3 faiz çoxdur. Xərclər isə 41,4 milyard manat olmaqla, cari ilin proqnozu ilə müqayisədə 4,1 faiz çox planlaşdırılır.

Qanunvericiliyin tələblərinə uyğun tərtib edilən büdcə zərfindəki layihələrdə sosial sahələrə, müasir çağırışlara uyğun olaraq müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsinə, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın reallaşdırılmasına daha çox vəsait ayrılıb. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas məqsədi əhalinin rifahının və sosial təminatının yüksəldilməsi, həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır. Bu səbəbdən hər il dövlət büdcəsində sosialyönümlü xərclər prioritet təşkil edir. Növbəti ilin dövlət büdcəsi layihəsində həmin xərclər 16 milyard 909,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 1 milyard 370 milyon manat və ya 8,8 faiz çoxdur. Baş maliyyə sənədi layihəsində əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əməkhaqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait ayrılması nəzərdə tutulub.

Ötən illərdə olduğu kimi, 2025-ci ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaqdır.

Əhalinin rifahı ilə bağlı dövlət siyasəti özünü büdcənin təkcə sosial deyil, digər xərc istiqamətlərində də büruzə verir. Məsələn, iqtisadi fəaliyyətlə bağlı xərclərdə bir sıra dövlət şirkətlərinə subsidiyaların nəzərdə tutulmasının əsas səbəblərindən biri vətəndaşlara göstərilən bəzi xidmətlərin tariflərinin aşağı həddə saxlanılmasıdır. Dövlətin vətəndaşa dəstəyi və qayğısı əhalinin həssas sosial qrupları üçün ümumi məbləği 591 milyon manatdan çox olan vergi güzəştlərində də ifadə olunur.

Beləliklə, 2025-ci ildə dövlətin maliyyə imkanlarının artması sayəsində büdcədə əsas prioritetlər sırasında yer alan əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketi formalaşmış olacaq. Növbəti sosial islahat paketinin həyata keçirilməsi ölkədə əhalinin rifah halının və sosial təminatının və həyat şəraitinin daha da yüksəldilməsi istiqamətində əvvəlki illərdə aparılan sosial qayğı strategiyasının mühüm tərkib hissəsi hesab edilə bilər.

2003-2023-cü illər ərzində dövlət büdcəsi xərclərinin təxminən 30 dəfə, ÜDM-in real ifadədə 3,6 dəfə, investisiyaların 4,4 dəfə artımı fonunda Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,2 faizə, işsizliyin səviyyəsi 9,2 faizdən 5,5 faizə endirilmişdir.

Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri əsas prioritetlərdəndir. Növbəti ilin dövlət büdcəsi layihəsində bu məqsədlər üçün 4 milyard manat nəzərdə tutulub. Bu vəsait ortamüddətli dövrdə iqtisadi artıma, qeyri-neft iqtisadiyyatının inkişafına, məşğulluğa öz töhfəsini verəcəkdir.

Bu gün Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi müasir müdafiə sənayesinin formalaşdırılması ilə tamamlanır. Bu sahənin inkişafını milli sənayenin yeni və perspektivli sütunlarından birinin təşəkkülü kimi qəbul etməliyik. Müdafiə xərclərinin artırılması öz-özlüyündə ölkənin militarist büdcəyə sahib olduğu anlamına gəlmir. Azərbaycan hərbi xərclərini artırmaqla yanaşı, digər sosial və infrastruktur xərclərini məhdudlaşdırmır. Başqa sözlə, hərbi xərclərin artırılması digər mühüm istiqamətlər üzrə xərc artımı fonunda baş verir. Reallıq bundan ibarətdir ki, müdafiə xərclərinin artımı ölkəmizin hüdudlarından kənarda bir çoxlarını narahat edir. Bəzi dairələr növbəti haqsızlığı edərək Azərbaycanı indi də militarist büdcə siyasəti həyata keçirməkdə ittiham edirlər. Bu əsassız və qərəzli fikirlərlə bağlı bəzi məqamları qeyd etməyi vacib bilirik. Büdcə layihəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8,4 milyard manat nəzərdə tutulmuşdur ki, bu da 2024-cü illə müqayisədə 17,8 faiz çoxdur. Bəri başdan qeyd edək ki, bu cür artımları bir tərəfdən günün reallıqları və ölkəmizin təhlükəsiz gələcəyi diktə edir, digər bir tərəfdən də Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi özünün iqtisadi və hərbi gücü ilə regionda təhlükəsizliyin, sülh və sabitliyin qorunması missiyasını yerinə yetirir.  Hərbi xərclər büdcə məxaricinin 20,3 faizini təşkil etdiyi halda, təkcə sosialyönümlü xərclər 41 faizini, iqtisadi fəaliyyətlə bağlı xərclər 21 faizini təşkil edir.

Qanunvericiliyin tələblərinə uyğun tərtib edilən büdcə zərfindəki layihələrdə sosial sahələrə, müasir çağırışlara uyğun olaraq müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsinə, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın reallaşdırılmasına daha çox vəsait ayrılıb. Göründüyü kimi, 2025-ci ilin dövlət büdcəsi layihəsi hər şeydən əvvəl möhtərəm Prezidentimizin müəyyən etdiyi strateji vəzifələri və təşəbbüsləri, yeni dövrün çağırışlarını, milli iqtisadiyyatımızın artım və inkişaf meyillərini, milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəfləri aydın bir şəkildə əks etdirir və bunların hər birinin reallaşdırılması üçün maliyyə təminatı yaradır.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, gələn ilin dövlət büdcəsi artım dinamikasına malik olan büdcədir. Təkcə onu qeyd etmək kifayətdir ki, növbəti il üçün proqnozlaşdırılan büdcə xərcləri 2003-cü illə müqayisədə 34 dəfə çoxdur.

Ümumiləşdirərək xarakterizə etsək, 2025-ci ilin büdcə zərfi əlverişli makroiqtisadi proqnozlara əsaslanır, makroiqtisadi sabitlikdən təsirləndiyi kimi, həm də ona xələl gətirmir, büdcə dayanıqlılığının təmin olunmasından ötrü fiskal və qeyri-fiskal tədbirlər nəzərdə tutur, davamlı iqtisadi artım üçün təşviq və güzəştlər təklif edir.

İndi qarşımızda dayanan əsas vəzifə ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi xalqımızın milli və müqəddəs sərvəti kimi qorumaqdan, onun iqtisadi və maliyyə əsaslarını möhkəmləndirməkdən ibarətdir. Tam əminliklə deyə bilərik ki, dövlətimizin siyasi, iqtisadi və hərbi gücünü əks etdirən 2025-ci ilin dövlət büdcəsi layihəsi qəbul edildikdən sonra bu missiya da uğurla yerinə yetiriləcəkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
16
1
ikisahil.az

2Mənbələr