Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda minik avtomobillərinin ümumi sayı 1 milyon 501 min 957 ədəd olub.
Ölkəmizdə ən çox istifadə olunan minik avtomobilləri hansılardır və niyə görə?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Rusiyanın ən çox minik avtomobili ixrac edən ölkələrdən biri Azərbaycan olub.
Onun sözlərinə görə, Bakıdan kənarda, bölgələrimizdə əsasən Sovet və Rusiya istehsalı avtomobillər çoxluq təşkil edir:
“Azərbaycanda ən çox istifadə olunan avtomobillər Sovet istehsalı avtomobillər olub. Daha sonra onun yerini Rusiya istehsalı avtomobillər tutub. Rusiyada istehsal olunan minik avtomobillərinin ixrac siyahısında ölkəmiz 5-ci yerdə olub.
Daha sonra Rusiyanın avtomobil sənayesində bir az problemlər yaşandı.
Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalarda sonra Rusiyanın avtomobil sənayesində çökmə baş verdi. Hazırda Rusiyadan ölkəmizə idxal olunan minik avtomobillərinin sayı azalıb. Amma bu, o demək deyil ki, istismar da azdır.
Hazırda istismarda ən çox yenə də Rusiya istehsalı avtomobillərdir. Bu gün Rusiyadan idxal olunan avtomobillərin yerini Çin istehsalı avtomobillər tutur. Amma Çin istehsalı avtomobillər bizim ölkəmizdə bir o qədər də çox deyil".
O bildirib ki,Çin avtomobilləri üçün ölkəmiz yeni bazardır:
"Daha sonra ölkədə ən çox istifadə olunan avtomobillərə Cənubi Koreya, Yaponiya və Avropa istehsalı avtomobilləri aid edə bilərik”.
Eldəniz Cəfərov qeyd edib ki, marka olaraq götürsək, onda "Lada" avtomobilləri birinci yerdə olacaq:
“Ölkəmizdə uzun illər ən çox populyar olan avtomobil sedan tipli sovet istehsalı avtomobillər olub. Sovet və Rusiya istehsalı avtomillərdə əsasən bu tipli avtomobillər üstünlük təşkil edib. Daha sonra getdikcə burada bir az seqment dəyişkənliyi olub. Hetçbek avtomobillər, krossoverlər, offroadlər, yəni yolsuzluq avtomobilləri də ortaya çıxıb. Hazırda krossoverlərə maraq daha çoxdur. Çünki krossoverlərin də sedanlar kimi mühərrik həcmi o qədər də böyük deyil. Amma offroadlər, yolsuzluq avtomobilləri kimi də bir qədər hündürdür. Yəni, yolsuzluq avtomobili ilə sedanın birləşməsindən əmələ gələn krossoverlər hazırda daha çox populyardır.
Marka olaraq "Lada" avtomobilləri birinci yerdə ola bilər. Azərbaycanda ən çox sürülən avtomobillər köhnə "Juqili"lər, daha sonra Rusiya istehsalı "Lada" markalı avtomobillərdir. Bakı şəhərində əsasən biz Almaniya, Yaponiya, Koreya istehsalı avtomobilləri görürük. Bakıdan kənara çıxdıqda, Abşeronda, bütün şəhər və bölgələrimizdə əsasən Rusiya istehsalı avtomobillərdir. Markalara görə "Lada", "Toyota", "Hyundai", "Mercedes" çoxdur”.
Sığorta eksperti Şahin İsmayılov isə bildirib ki, Azərbaycanın minik avtomobil bazası olduqca rəngarəg və çoxsaylıdır.
Bu baza əsasən istehsal tarixi 10 - 20 il və daha çox olan avtomobillərdən ibarətdir. Populyar avtomobil marka və modelləri aşağıdakı kimi bölünüb:
“İlk yer "Mercedes-Benz" markasından olan bütün modellərə aiddir. Sonrakı yerləri yenə də Almaniya istehsalı olan "Opel Astra" və "Opel"in digər modelləri, BMW, Rusiya istehsalı olan VAZ markasının modelləri tutur.
Son 10 ildə Koreya istehsalı olan KİA markasının müxtəlif modelləri geniş populyarlıq qazanıb. Bu markadan olan avtomobillər əsasən dözümlü və ekonom olduqları üçün daha çox alınır.
Son 7 - 8 ildə isə Yaponiya istehsalı olan "Toyota Prius" avtomobillərinin ölkəyə kütləvi idxalı həyata keçirilməyə başladı. Bu gün bazarda bu markalı avtomobillərin sayı hədsiz çoxdu. Səbəb yenə də ekonom və dözümlü olmasıdır.
Bu kimi avtomobillər taksi xidmətinə yararlı olduğu üçün geniş populyarlıq qazandı. Ancaq bu avtomobillərin çoxsaylı qəza törətmələri, "Prius"lara qarşı bir növ antipatiya yaratdı”.
Ekspert deyir ki, zamanla statistik göstəricilərdə dəyişiklik ola bilər:
“Ölkənin avtomobil bazasını yeniləmək üçün istehsal ili 10 ildən çox olan avtomobillərin ölkəyə idxalına qoyulan qadağanın qüvvəyə minməsindən sonra çox populyar olan avtomobillərin ölkəyə gətirilməsi dayandırıldı. Buna baxmayaraq, istifadədə olan belə avtomobillər olduqca çoxdur və statistik göstəricilərdə hələ də ilk yerlərdə olmaqda davam edirlər.
Yeni qaydalarla idxal olunan avtomobillər arasında ilk yerlərdə "KİA Rio" və KİA-nın müxtəlif modelləri üstünlük təşkil edir. Son illərdə Çin istehsalı hibrid və elektrik avtomobillərin sayı artsa da, onlar o həddə deyillər ki, avtomobil sayında statistik dəyişikliklərə səbəb olsunlar.
Ancaq yaxın bir neçə il ərzində köhnə avtomobillərin sıradan çıxması ilə belə statistik dəyişikliyi müşahidə edə biləcəyik. Buna isə zaman lazımdır”.