AZ

"Paşinyanla Putin arasında gizli razılaşma var, Kreml İrəvan vasitəsilə Qərbin..." - AÇIQLAMA

Ermənistan ənənəvi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu dəfəki tədbirində - Astanada keçirilən sammitində də iştirak etmədi. Amma bəzi iddialara görə, rəsmi İrəvan təşkilatdan çıxmaqla bağlı fikirlərini dəyişib. Rusiya Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Moskva Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edir. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, Ermənistan rəsmiləri indiyə kimi bir neçə dəfə müxtəlif səviyyələrdə KTMT-dən çıxacaqları barədə açıqlamalar veriblər, lakin konkret qərar qəbul edilməyib:

 

“Rəsmi İrəvan sadəcə olaraq KTMT-ni bloklayıb. Bundan başqa, bir müddət əvvəl Rusiya sərhədçilərinin 2025-ci il yanvarın 1-dən Ermənistan – İran sərhədində yerləşən nəzarət buraxılış məntəqəsindən çıxacaqları barədə razılıq əldə olunub. Eyni zamanda qeyd etməliyəm ki, Ermənistan rəsmiləri zaman- zaman Rusiyanı tənqid edir, narazılıqlarını ifadə edir. Bununla belə, tərəflər arasında qarşılıqlı ticarət həcmi getdikcə artır. Üstəgəl, Ermənistan Rusiyadan uzaqlaşmaq istiqamətində konkret addımlar atmır. Məsələn, iddia edilənin əksinə olaraq İrəvan hələ də KTMT- dədir. Həmçinin Rusiyanın 102-ci bazası hələ Ermənistanda mövcudluğunu qoruyur. İrəvan Moskvaya sanksiyalardan yayınmağa kömək edir. Daha maraqlısı isə budur ki, Kreml rəhbəri Paşinyanın “şıtaqlıqlarına” dözür, onu cəzalandırmır. Halbuki, bu, Rusiya üçün o qədər də çətin deyil”.

 

Siyasi şərhçi qeyd etdi ki, belə olduğu təqdirdə Moskva və İrəvan arasında gizli razılaşma ola biləcəyi istiqamətində sual yaranır:

 

“Əslində bu, mümkündür. Rusiyanın imperialist maraqları və Putinin keçmişi buna imkan verir. Keçmiş agent olan Putin prezidentliyi dövründə, yəqin ki, əvvəlki təcrübəsindən yararlanır. Tərəflər arasında mümkün gizli razılaşma onların ikisinə də sərf edir. Belə ki, Qərb anti-Rusiya kampaniyası üçün Ermənistana külli miqdarda pul ayırır. Beləliklə, Ermənistan ayaq üstə qala bilir. Nəzərə almaq lazımdır ki, indiki gərgin vəziyyətdə Rusiyanın Ermənistanı maliyyələşdirmək imkanı məhduddur. Bundan başqa, o da istisna deyil ki, Kreml Paşinyan vasitəsilə Qərbin müəyyən məxfi məlumatlarını əldə edir. Yaxşı, bəs Fransa və ABŞ-nin, doğrudanmı, bundan xəbəri yoxdur? Bu barədə dəqiq bir söz demək çətindir. Amma Paşinyanla Putin arasında ehtimal edilən “centlmen razılaşması”ndan xəbərdardırlarsa, onda, ola bilsin, onlar da öz oyunlarını oynayırlar”.

 

Günay Rəsulqızı
 

Seçilən
15
sfera.az

1Mənbələr