Noyabrın 29-u dünyada və Azərbaycanda “Black Friday”, yəni “Qara cümə” endirim festivalı kimi qeyd olunur.
“Black Friday” ABŞ-da noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan Şükranlıq bayramından sonrakı cüməyə verilən qeyri-rəsmi addır.
1952-ci ildən həmin günü Yeni il üçün alış-veriş mövsümünün başlanğıcı olaraq qəbul edirlər. Lakin bu günə “Black Friday” adı ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən qoyulub. Səbəb kimi həmin gün Filadelfiyada alış-verişə görə nəqliyyatda yaranan tıxaclar və digər çətinliklər göstərilib. “Qara cümə” əsasən 1970-1990-cı illərdə ticarət mərkəzləri böyüyərkən populyarlaşıb. 1975-ci ildən Filadelfiyanın hüdudlarını aşıb.
Qeyd edək ki, 2005-ci ildən etibarən “Qara cümə” ABŞ-da “İlin ən işlək alış-veriş günü” adını alıb. “Black” sözü ingiliscədə, eyni zamanda mühasibatlıq dilində də tez-tez istifadə edilən bir sözdür. Belə ki, “Black” balansda qazanc ilə zərərin başabaş gəldiyi nöqtə üçün də istifadə edilən bir təbirdir. Bu səbəbdən də “Black Friday” şirkətlərin zərərdən başabaş nöqtəsinə gəlməsini təmin edən gün olaraq da adlandırılır.
Bəs ilk endirim necə yaranıb?
Endirimli ticarət ənənəsi Amerikada XIX əsrdə yaranıb. Bunun banisi 1852-ci ildə anadan olmuş Frenk Vulvort sayılır. Məhz endirim fikrini ilk dəfə o, irəli sürüb. Pensilvaniyada dükanda satıcı köməkçisi işləyən gənc bir oğlan qiymətləri aşağı sala bilmədiyi üçün əsəb keçirirdi. O dövrdə malların üzərində qiymət olmurdu və satıcılar hər müştəriyə bir qiymət deyirdilər. Bir dəfə satıcı səfərdə olanda köməkçisi Frenk bir fikrə gəlir. O, bütün mövsüm mallarını piştaxtaya düzür və yanına “Bütün mallar 5 sent” yazısını qoyur. Bu, ilk endirim idi. Uğur qazandıqdan sonra Frenk XX əsrin əvvəlində ilk pərakəndə satış şəbəkəsini qurub.
Son illər “Qara cümə” Azərbaycanda da reallaşdırılır, mağazalarda, alış-veriş mərkəzlərində, restoranlarda endirim kampaniyaları olur. Bəzən isə hətta 50-70 faiz endirimlərin ediləcəyi barədə elanları da görmək mümkündür.
Qeyd etdiyimiz kimi, ölkəmizdə “Qara cümə”yə maraq var. Ancaq bəzi işbazlar fərqli yola əl atıblar. Belə ki, onlar məhsulların qiymətini məqsədyönlü şəkildə artırırlar. “Qara cümə” günləri isə həmin məhsulu əvvəlki qiymətinə satırlar və bu yolla guya böyük endirimlərin tətbiq edildiyi təəssüratını yaradırlar.
Ekspertlər hesab edir ki, “Qara cümə” günü məhsul qiymətlərinin həqiqətən də endirildiyinə nəzarət etmək üçün mexanizm yaradılmalıdır.
Son illər “Qara cümə” çılğınlığı Azərbaycan da daxil olmaqla, Türkiyə, Pakistan, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı, Misir kimi müsəlman ölkələrində də yayılıb. Lakin müsəlman ölkələrində bu cür qlobal alış-veriş kampaniyasının yayılmasını birmənalı qarşılamayan insanlar da var. Din xadimləri bu alış-veriş kampaniyasının müsəlmanların müqəddəs günü sayılan məhz cümə günündə baş tutmasının heç də təsadüfi olmadığını qeyd edir.
Onu da bildirək ki, qeyd olunan müsəlman ölkələrində “Qara cümə” kampaniyası baş tutsa da, çox zaman boykot edilir. Çünki bir çox müsəlmanlar müqəddəs cümə günlərinə “qara cümə” deyilməsini təhqir sayır. Çünki cümə günü müsəlmanların həftəlik bayram günü sayılır. Bu münasibətlə müsəlmanlar cümə günü ibadətlərinə daha çox diqqət yetirir.
Xalidə Gəray
Musavat.com