AZ

Türk İnvestisiya Fondu Orta Dəhlizin inkişafını dəstəkləyəcək

Türk İnvestisiya Fondu (TİF) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafını dəstəkləməyi planlaşdırır.

Fins.az Fondun məlumatına istinadən xəbər verir ki, bunu TİF prezidenti Bağdat Amreyev 27 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabadda keçirilən BMT-nin Dayanıqlı Nəqliyyat üzrə Dostlar Qrupunun Nazirlər Görüşündə bildirib. Tədbir Türkmənistan və Çinin həmsədrliyi ilə təşkil olunub.

Görüş zamanı vurğulanıb ki, BMT-nin dayanıqlı nəqliyyat üzrə məqsədlərinə çatmaq üçün birgə səylər və strateji tərəfdaşlıqlar mühüm əhəmiyyət kəsb edir. Yolların təhlükəsizliyinin artırılması, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, dayanıqlı nəqliyyat həllərinin inkişafı və innovativ yaşıl texnologiyaların tətbiqi əsas müzakirə mövzuları olub.

Bağdat Amreyev çıxışında qeyd edib ki, nəqliyyat və gömrük sahəsində əməkdaşlıq türk dövlətləri arasında qarşılıqlı əlaqələrin əsas prioritetlərindən biridir. O, Bişkekdə keçirilmiş Türk Dövlətləri Başçıları Sammitinin mövcud çağırışların həlli və nəqliyyat-tranzit sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini xüsusi vurğuladığını xatırladıb.

TİF prezidenti bildirib ki, Türk İnvestisiya Fondu türk dövlətlərinin ilk birgə maliyyə institutu kimi daxili ticarət və investisiyaların gücləndirilməsi, iqtisadi artımın təşviqi və innovativ layihələrin dəstəklənməsi üçün yaradılıb. Nəqliyyat sektoru isə TİF-in fəaliyyətinin əsas istiqamətlərindən biridir və Orta Dəhlizin inkişafı xüsusi prioritet təşkil edəcək.

B.Amreyev əlavə edib ki, TİF digər nəqliyyat təşəbbüslərini də dəstəkləyə bilər. Bu təşəbbüslərə Ro-Ro və Ro-Pax tipli bərə daşımalarının inkişafı, yükdaşıma imkanlarının genişləndirilməsi və nəqliyyat sektorunun rəqəmsallaşdırılması daxildir.

Fuad Mədətov
Fins.az

Seçilən
41
1
fins.az

2Mənbələr