AZ

Milli Məclis AÇG ilə bağlı yeni sazişə İkinci Qoşmanı təsdiq edib

"Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanunun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.


Qeyd edilib ki, 20 sentyabr 1994-cü il sazişinin imzalanmasından böyük dövr keçib. Həmin sazişə yenidən baxılaraq 2017-ci il sentyabrın 14-də SOCAR-la tərəfdaş şirkətlər arasında onun uzadılması barədə qərar qəbul edilmişdir. Tərəfdaş şirkətlər sırasında Azərbaycan (ACG) Limited, BP, Şevron, Ekson, İtoçu, Türkiye Petrolleri və digər şirkətlər yer tutur. Həmin Sazişin 15.2-ci maddəsində qeyd edilirdi ki, SOCAR Azəri, Çıraq və Günəşli yataqlarında hasilatın pay bölgüsü sazişi üzrə bütün Sərbəst Təbii Qaz Yataqlarının kəşfiyyatını və işlənməsini həyata keçirmək üzrə müstəsna hüquqa malikdir. Əgər SOCAR hər hansı Üçüncü Tərəflər və ya hər hansı Podratçı Tərəf(lər) ilə Sərbəst Təbii Qaz Yataqlarının işlənməsini qərara alarsa, o zaman Tərəflər bu cür işlənmə üçün şərtləri və müddəaları razılaşdırmalıdırlar.


Hazırki razılaşma məhz bu çərçivədə hazırlanıb və 2024-cü il avqustun 1-də tərəflər arasında Sazişə İkinci Qoşma olaraq imzalanıb.


Beləliklə, qaz sazişi olaraq bu layihə Azəri-Çıraq-Günəşli hasilatın pay bölgüsü sazişinin Kontrakt Sahəsinin coğrafi hüdudları daxilində yerləşən, lakin Kontraktla əhatə olunmayan Sərbəst Təbii Qaz Yataqlarındakı hasil edilməmiş qaz və maye karbohidrogenlərin işlənməsini nəzərdə tutur. Eyni zamanda tərəflər bu layihənin mövcud hasilatın pay bölgüsü sazişi əsasında həyata keçirilən layihə və onun əməliyyat prosesləri ilə bağlılığını nəzərə alaraq, qərara alınmışdır ki, layihə mövcud Podratçı şirkətlərlə birgə işlənsin.


İkinci Qoşma hazırlanarkən mövcud digər qaz layihələri sazişlərindəki (Abşeron və Şah Dəniz HPBS) əsas kommersiya və fiskal şərtlər əsas götürülmüş, eləcə də onların həyata keçirilməsinin müsbət təcrübəsindən istifadə edilib.


Sazişə görə Podratçı qarşısında Çıraq Dərin Sulu Günəşli yataqları, Azəri kontrakt sahəsinə aid olan qaz layları üzrə bir sıra öhdəliklər qoyulub. Belə ki, Podratçı tərəflər müəyyən edilmiş müddətlər ərzində qiymətləndirmə aparmaq üçün qiymətləndirmə quyularının qazılması ilə bağlı yekun investisiya qərarlarını qəbul etməli, marketinq işlərini aparmalı, vahid işlənmə proqramlarını hazırlayıb təsdiq üçün SOCAR-a təqdim etməli, habelə ilk qazın hasilatının təmin edilməsi ilə bağlı müəyyən tədbirlər görməlidirlər.


Podratçının üzərinə qoyulmuş öhdəliklər müqavilədə müəyyən edilmiş müddətlər ərzində yerinə yetirilmədiyi təqdirdə, xüsusilə Podratçı müəyyən yataqlarla bağlı müsbət investisiya qərarı qəbul etmədiyi təqdirdə SOCAR birtərəfli şəkildə Podratçıdan həmin laylardan imtina etməsini/geri qaytarılmasını tələb etmək hüququna malikdir.



www.anews.az
Seçilən
7
2
anews.az

8Mənbələr