Azərbaycanın iqlim dəyişmələrinə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində atdığı addımlar öz nəticəsini verdi. Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı çoxsaylı qərarların qəbulu ilə yaddaşlara həkk olundu. Qətiyyətlə demək olar ki, COP29-da qəbul edilən qərarlar Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə start götürən COP29 nəhayət 200-ə yaxın ölkənin dəstəyi ilə reallaşdı.
Çox təəssüf ki, COP29-a ev sahibliyimiz ilə bağlı qərarın qəbul edildiyi gündən ölkəmizə qarşı qarayaxma kampaniyası başlandı. Qərbin yalan xəbər mediası, dövlətlərin təsiri altında olan və birbaşa dövlət sifarişini icra edən QHT-ləri və bəzi korrupsiyalaşmış siyasətçiləri sanki ölkəmiz haqqında qərəzli məlumatın yayılmasında yarışa çıxdılar. Lakin genişmiqyaslı və planlaşdırılmış böhtan, qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.
Ən başlıcası, Azərbaycan inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Ölkəmiz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi.
Azərbaycan ev sahibi olaraq qlobal iqlim dəyişikliyinə ən çox cavabdehlik daşıyan, atmosferə ən çox karbon tullantıları atan inkişaf etmiş ölkələrin bu fəaliyyətdən ən çox ekoloji zərər görən ölkələrə maliyyə yardımı göstərməsinə, Paris Sazişinin karbon bazarları ilə bağlı 6-cı maddəsinin bütün ziddiyyətləri aradan qaldıraraq tam işləməsinə zəmin yaratdı. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Ölkəmiz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail oldu. COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksək səviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrinin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək. COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq məhz Bakıda əldə olundu. COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub.
Beləliklə, Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Azərbaycan böyük miqyaslı tədbirlərin keçirilməsində dəfələrlə öz təcrübəsini sübut etmişdi, bu beynəlxalq ekoloji tədbir də bir daha ölkəmizin geniş imkanlara sahib olduğunu təsdiqlədi. Həmçinin tədbir vasitəsilə xarici qonaqlara mədəniyyətimiz, tariximiz, milli-mənəvi dəyərlərimizlə daha ətraflı tanışlıq imkanı yarandı.
Alim