“Fransanın ARTE kanalında “Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər” kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli film bir daha bu ölkənin qərəzli siyasətini, Azərbaycana, Türkiyəyə, türk dünyasına qarşı həzmsizlik siyasətini ortaya qoyur”.
Hafta.az xəbər verir ki, bu barədə deputat Jalə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında bildirib.
Deputat qeyd edib ki, film illərdən bəri Azərbaycanın həqiqətlərini görməzdən gələn, bu gün Azərbaycanın bölgədə və dünyada sülh yaratma missiyasını, sülh və əminamanlıq üçün həyata keçirtdiyi siyasəti həzm edə bilməyənlərin özünün vəhşi xislətini ortaya qoyur.
“Filmin hədəflərindən biri Azərbaycan və onun ən böyük dostu, sirdaşı, dəstəkçisi olan, ulu öndər Heydər Əliyevin söylədiyi kimi “tək millət iki dövlət” prizmasından məsələlərə yanaşan Türkiyədir. Bu davranışlar Azərbaycana və Türkiyəyə qarşı Qərbin, dünyanın qısqanclığının bariz nümunəsidir”.
J.Əliyeva eyni zamanda bildirib ki, erməni diasporunun, lobbisinin əlində marionetə çevrilmiş Fransa öz istəklərini, arzularını Ermənistanın əli ilə bölgədə həyata keçirməyə çalışır.
J.Əliyeva bu inkişafdan narahat olan qüvvələrin 30 il müddətində münaqişəni bitməyə qoymadıqları kimi bu gün də müharibədən sonra Azərbaycana hər vəchlə maneə olmağa çalışdığını önə çəkib.
“Biz 30 ildən artıq torpaqlarımız uğrunda mübarizə apardıq. Haqsız münaqişə ilə qarşı-qarşıya qaldıq. Torpaqlarımız işğal edildi, insanlarımız qaçqın, köçkün vəziyyətinə düşdü. O torpaqlardakı mədəni abidələrimiz yerlə yeksan edildi. Amma 30 il ərzində dünyaya demokratiya dərsi keçən ölkələr, Qərb bizə qarşı edilən haqsızlıqları görmədilər, görmək istəmədi. Bunun əksinə Ermənistanı silahlandırdılar, Azərbaycanla sülh danışıqlarına getməyə hər vəchlə mane olmağa çalışdılar. 44 gün müddətində böyük bir zəfər əldə edərək, Azərbaycan 30 ildən artıq işğal altında, düşmən tapdağı altında qalan torpaqlarını işğaldan azad etdi. Bu gün bu torpaqlarda, bütün Azərbaycanımızda olduğu kimi, böyük quruculuq işləri həyata keçirilir. Ölkəmiz ölçüyəgəlməz yüksək templə inkişaf edir”.