AZ

Paşinyanın yeni savaş avantürası - VİDEO

Ermənistanın bu avantürası Qərbin maraqları ilə üst-üstə düşür.

Paşinyan hökuməti müstəqil siyasət yürütmək üçün bir dövlətə lazım olan heç bir vasitəyə sahib deyil. Nə iqtisadi, nə hərbi, nə də insani resurslar Ermənistana imkan vermir ki, müstəqil dövlət kimi özünü biruzə versin. Ona görə yürütdüyü siyasətin konturları daha çox kənarda cızılır. Bu isə artıq Ermənistanın yox, bu konturları cızan ölkənin maraqlarına xidmət edir. Paşinyan uzun müddətdir ki, Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsini fərqli bəhanələrlə uzadır. Ermənistan üçün münbit şəraitin yaranacağı düşüncəsində bir-birinə zidd bəyanatlar verməklə məşğuldur. Onun əvəzinə Parisdə və Brüsseldə düşünən başlar isə Ermənistanı növbəti qanlı konfliktə sürükləyir. Bu günə kimi Avropa Birliyinin Ermənistan-Azərbaycan münasibətlərinə yönəlik heç bir addımı uğurla nəticələnmədi. Çünki Fransanın və onun müttəfiqlərinin Cənubi Qafqazdakı maraqları sülhə fokuslanmayıb. Sülh olacağı təqdirdə, münaqişə də olmayacaq və Fransa, ABŞ kimi ölkələrin bölgədə mövcudluğu sual altına düşəcək. Ona görədə Paşinyanın əvəzinə düşünən başlar bölgədə yenidən gərginlik yaratmağa çalışır. Gərginliyi isə yalnız Ermənistanın əli ilə etmək mümkündür. Uzun müddətdir ki, Fransanın bir başa iştirakı və maliyyə dəstəyi ilə Ermənistan silahlandırılır. Fransadan, Hindistandan, son günlər isə Yunanıstandan Ermənistana ağır silah-sursatlar ötürülür. Bu günlər də isə bəlli oldu ki, Yunanıstan Fransanın təlimati ilə Ermənistana S-300, Tor-M1 və Osa-AK hava hücumundan müdafiə sistemləri göndərir. Əvəzində Fransa Yunanıstana "Rafael" qırıcıları və digər havadan müdafiə sistemləri verəcək. Halbu ki, bu silahlar Ermənistandan çox Ukraynaya lazımdır. Amma Fransanı, Yunanıstanı və ümumilikdə Avropanı artıq Ukrayna maraqlandırmır. Onlar Ukrayna cəbhəsində məğlub olduqlarını yaxşı anlayırlar. Ona görə hədəfi Cənubi Qafqaza yönəltməyə çalışırlar. Cənubi Qafqazda münaqişə yarada biləcək dövlət isə təbii ki, Ermənistandır. Ermənistanda revanşizm əhval-ruhiyyəsinin yenidən güclənməsi, sürətlə silahlanma, hərbi təlimlər, ehtiyatda olan hərbiçilərin orduya cəlb edilməsi və sair yeni savaşa hazırlıq kimi dəyərləndirilməlidir. Avropa Birliyinin hərbi missiyasının aktivliyi də prosseslərin tərkib hissəsidir. Azərbaycanın razılığı və istəyi olmadan bizimlə sərhədə yerləşdirilən hərbi missiya faktiki olaraq Ermənistan ordusunun hərbi kəşfiyyat bölümünə çevrilib. Və rəsmi İrəvan Avropa Birliyinin bu xidmətindən imtina etmək fikri yoxdur. Halbu ki, gələn ilin fevral ayında hərbi missiyanın fəaliyyət müddəti bitir. Amma görünən o ki, Avropa Birliyi adı altında bölgəyə yerləşdirilən fransa kəşfiyyatçıları Ermənistandan çıxmaq fikrində deyillər. Gələn il Avropa Birliyinə rəhbərlik edəcək Polşanın prezidenti Andjey Dudanın Makronun istəyi ilə sərhəddə yerləşdirilən hərbi missiyaya baş çəkməsi, əlində binokl Azərbaycan istiqamətini seyr etməsi bizə onu deməyə əsas verir ki, Fransa və onun müttəfiqlərini təmsil edən kəşfiyyatçı-hərbiçilər Ermənistanı tərk etmək fikrində deyillər. Halbu ki, Azərbaycan-Ermənistan sərhəddində sakitlikdir. Heç bir ekskalasiya yoxdur və gözlənilmir. Amma 2025-ci il fevral ayına qədər 3 ay vaxt var. Və bu 3 ay ərzində Fransa başda olmaqla müttəfiqləri Azərbaycan-Ermənistan sərhəddində qanlı hərbi təxribatlar yaratmağa çalışacaq. Yəni sərhəddə kiçikmiqyaslı olsa belə, toqquşma olarsa, missiyanın vacibliyində “qaçılmaz reallıq” ortaya çıxa bilər. Bu kontekstdə Ermənistanın AB-nin missiyasının müddətinin başa çatmasına qədər sərhəddə miqyasından asılı olmayaraq hərbi qarşıdurma olacağı istisna edilmir. Azərbaycan-Ermənistan arasında yeni hərbi münaqişənin baş verməsinə digər bir amil də təsir edə bilər. O da Paşinyanın reytinqinin getdikcə aşağı düşməsidir. Ermənistan hökumətində baş verən istefalar Paşinyan komandasının monolit olmadığını, istənilən vaxt dağıla biləcəyi ehtimalını deməyə əsas verir. Bu baxımdan Paşinyan mərkəzdən qaçma meyillərini azaltmaq, itən reytinqini bərpa etmək üçün Azərbaycana qarşı təxribatlara və yaxud lokal hərbi əməliyyatlara əl ata bilər. Bu məsələdə ən təhlükəli məqam isə ondan ibarətdir ki, Ermənistanın yeni müharibə avantürası Qərbin maraqları ilə üst- üstə düşür. Bölgədə hadisələrin dediyimiz ssenari üzrə cərəyan etməsi isə Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə, kövrək sülh danışıqlarının pozulmasına və yeni müharibənin başlanmasına gətirib çıxarda bilər.

 

Şöhrət El-Dəniz

visiontv.az



Seçilən
6
visiontv.az

1Mənbələr