Milli İstehbarat Təşkilatının (MİT) BƏƏ-də israilli hahamı öldürüb Türkiyəyə qaçan 3 Özbəkistan vətəndaşının yaxalanması ilə bağlı keçirdiyi əməliyyatın təfərrüatı ortaya çıxıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, BƏƏ təhlükəsizlik orqanları Koqan adlı hahamı öldürən şübhləlilərin Türkiyəyə qaçdıqlarını müəyyənləşdirərək, türkiyəli tərəfdaşları ilə əlaqə saxlayıblar.
Aparılan araşdırmalar nəticəsində şübhəlilərin Dubaydan Türkiyəyə təyyarə ilə qaçdıqları bəlli olub və MİT əməliyyat hazırlayıb. Təyyarədə şübhəlilər tərəfindən hər hansı bir insident törədilməsin deyə, məlumat olduqca gizli saxlanılır.
Təyyarə İstanbul hava limanına enən kimi Türkiyə polisi də əməliyyata qoşulub. Hər 3 özbək hava limanından çıxdıqları anda saxlanılırlar.
Qeyd edək ki, Alimbay Tahiroviç (28 yaş), Mahmudcan Əbdürrəhim (28 yaş) və Azizbek Kamiloviç (33 yaş) adlı Özbəkistan vətəndaşları Dubayda market sahibi olan İsrail-Moldova vətəndaşı, İsrail ravvini və yəhudi dini hərəkatının nümayəndəsi Tzvi Koqanın boğazını kəsərək qətlə yetirmişdilər. Koqanın meyiti uzun müddət aparılan axtarışlardan sonra tapılmışdı.