Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının PKK terror təşkilatının silahı yerə qoyması ilə bağlı silahlı qruplaşmanın lideri Abdullah Öcalana çağırışları davam edir.
“Cebheinfo.az” xəbər verir ki, Dövlət Bağçalı sərt reaksiyalara baxmayaraq, mövqeyindən geri çəkilməsə də, nəhayət Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) üzvlərini ən qısa zamanda İmralı adasında həbsdə olan Abdullah Öcalanla görüşməyə çağırıb.
“İmralıda Abdullah Öcalan ilə DEM Partiya arasında təmasların gecikmədən keçirilməsini gözləyirik və çağırışımızı qətiyyətlə təkrar edirik”, - deyə Dövlət Bağçalı MHP-nin qrup toplantısında bildirib.
MHP sədrinin çağırışına Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan da dəstək verib.
Daxili və xarici siyasi məsələlərdə Dövlət Bağçalı ilə tam həmfikir olduqlarını ifadə edən Ərdoğan “Cənab Bağçalı təmsil etdiyi missiyaya uyğun olaraq həqiqətən də cəsarətli və oyunu dəyişdirən bir təklif irəli sürüb”, - fikrini söyləyib.
Lakin Dövlət Bağçalının çağırışından sonra Qəndil dağındakı PKK-çıların və DEM Partiyanın yaydığı açıqlamalara diqqət çəkən Ərdoğan bildirib ki, bu düşüncə tərzinin dəyişməsi lazımdır.
“Qarşımızdakı mənzərə çox ümidli olmağa imkan vermir”, - Prezident belə deyib.
Baş verənlərin ardınca “DEM Partiyası ilə Öcalanın görüşü nə vaxt baş tutacaq” sualı gündəmə gəlib.
“Türkiyə” qəzeti mövzu ilə bağlı diqqətçəkən xəbər dərc edib.
Qeyd edilir ki, Prezident Ərdoğan baş verənlərin təkrarlanmaması üçün yeni prosesin ehtiyatla və diqqətlə həyata keçirilməsinə göstəriş verib.
DEM Partiyasının Öcalanla görüşmək üçün Ədliyyə Nazirliyinə etdiyi müraciətin qısa müddət ərzində təsdiqlənəcəyi dəqiqləşib.
Əldə edilən məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Təşkilat -MİT) ilkin hazırlıq işləri görəcək.
Bu hazırlıqlar tamamlandıqdan sonra DEM Partiyasının nümayəndə heyətinin İmralıya getməsinə icazə veriləcək.
Ədalət və İnkişaf Partiyasındakı mənbələrin açıqlamasına görə, əgər Öcalan DEM Partiya üzvlərinə “Təşkilatla əlaqələrini kəsin və təşkilatı dağıdın” deyərsə, İmralı səfərləri davam edəcək.