“Bütün dünyanın gözü qarşısında, çoxu uşaq və qadın olan 50 minə yaxın fələstinli həlak olub. İsrailin birbaşa mülki insanları hədəf alması nəticəsində, 100 mindən çox günahsız fələstinli isə yaralanıb".
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Qəzzanin Gələcəyi” adlı Beynəlxalq Humanitar Yardım Zirvəsinə göndərdiyi videomüraciətində deyib.
O, bildirib ki, Livana edilən hücumlar zamanı ölənlərin sayı 3500 nəfəri keçib, ibadət yerləri, məktəblər, xəstəxanalar və mülki infrastruktura aid hər şey İsrailin hücumlarının hədəfi olub.
“Türkiyə olaraq Fələstinli qardaşlarımızla tam həmrəyik. Bu hücumlar qarşısında son bir ildir ki, başda Qəzza və Livandakı qardaşlarımıza çatmağa çalışırıq. Biz Fələstinə 86 min ton yardım verməklə ən çox dəstək verən ölkələrdən biriyik”, - deyə siyasətçi vurğulayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə Livana isə 1300 ton yardım çatdırıb:
"İslam ölkələrinin Qəzzadakı zülmə birgə cavab verməsini və hərəkətə keçməsini təmin etmək üçün diplomatik təmaslarımızı davam etdiririk. Biz Fələstində işğal və qırğın bitənə və 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və ərazi cəhətdən inteqrasiya olunmuş Fələstin Dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik”, - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az