Cənubi Kiprin prezidenti Nikos Kristodoulidis ölkəsinin NATO-ya üzv olmaq niyyətində olduğunu və Alyansa daxil olmaq yolları barədə Vaşinqtonla danışıqlar apardığını bildirib...
Poliqon xəbər verir ki, bu barədə DW Agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, Cənubi Kipr ABŞ-la respublikanın Alyansa üzvlüyünün üç təklif olunan səviyyəsini müzakirə edir. O, həmçinin qeyd edib ki, Türkiyənin etirazı ilə Cənubi Kiprin NATO üzvü ola bilməməsi ölkə ordusunu həm modernləşmə, həm də hərbi texnika əldə etmək üçün bir çox imkanlardan məhrum edir.
Kristodoulidis Cənubi Kiprin əsas üstünlüyü adanın coğrafi mövqeyini "xüsusi geostrateji əhəmiyyətə malik ərazidə" adlandırıb. Eyni zamanda, o, NATO-ya üzv olmaq üçün potensial ərizə təqdim etmək üçün son tarixlər barədə suala belə cavab verib: "Bu barədə nə qədər az danışsaq, məqsədimizə bir o qədər yaxınlaşırıq".
NATO qaydalarına görə, ərazi problemi həll olunmamış dövlət onun tərkibinə daxil edilə bilməz. Cənubi Kipr adanın təxminən 60%-nə nəzarət edir, qalan hissəsimndə isə Şimali Kipr Türk Cümhuriyyəti yerləşir.
Bundan əvvəl KİV Cənubi Kipr prezidentinin ABŞ prezidenti Co Baydenlə görüşündə ölkənin NATO ilə mərhələli yaxınlaşması strategiyasını müzakirə etdiyi barədə məlumat yayıb. Müfəssəl və düşünülmüş planın uzunmüddətli dövr üçün nəzərdə tutulduğu və bir-birindən asılı olan bir çox mərhələdən ibarət olduğu iddia edilir.
Poliqon.info