AZ

COP29-da qəbul edilən qərarlar dövlətimizin növbəti uğuru kimi qiymətləndirilə bilər -ŞƏRH

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticələrindən biridir. Beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malik respublikamız COP29-un da müvəffəqiyyətlə başa çatdırılmasına nail oldu. Prezidentin qeyd etdiyi kimi, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu və Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı dosent Zaur Əliyev söyləyib.

Dosent bildirib ki, COP29-un nəticəsi olaraq qəbul edilmiş qərarlar ətraf mühitin qorunması baxımından bütün dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın COP29 Sədrliyi olaraq həyata keçirdiyi fəaliyyət nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər. Onlar, həmçinin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard ABŞ dolları həcmində azaltmaq potensialına malikdir. Bakı Maliyyə Məqsədi və 6-cı maddə ilə birlikdə investisiyaları inkişaf etməkdə olan dünyaya yönləndirməklə qlobal iqlim maliyyəsi arxitekturasını həmişəlik dəyişəcək.

Mühüm qərarlar sırasında hər il inkişaf etməkdə olan dövlətlərə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunması xüsusi yer tutur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir.

Ətraf mühitin daha çox çirkləndiyi, bəşəriyyətin təhlükə altında olduğu bir dönəmdə bu cür uğurlu beynəlxalq nəticələrə gətirib çıxaran tədbirə ev sahibliyinin ölkəmiz tərəfindən edilməsi ilə “Yaşıl dünya naminə həmrəylik ili”ndə Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdi.

“BMT-nin Baş katibi Antonio Quterreşin COP29-un nəticəsini “üzərində qurmağa imkan verən bir təməl” hesab etməsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilin nəticəni bəşəriyyət üçün sığorta siyasəti kimi qiymətləndirməsi COP29-un uğurla yekunlaşdığının bariz göstəricilərindəndir”, - deyə alim vurğulayıb.

Seçilən
31
1
aznews.az

2Mənbələr