İlk dəfə olaraq Kipr Respublikası NATO-ya üzv olmaq arzusunu Prezident Xristodulides tərəfindən rəsmi şəkildə bildirib.
Türkiyə isə bu tələbi "qəbuledilməz bir inkişaf" kimi qiymətləndirib.
"Cebheinfo.az" xəbər verir ki, Avropa İttifaqının (Aİ) üzvü olan Kipr Respublikasının Prezidenti Nikos Xristodulides ölkəsinin NATO-ya üzv olmaq istədiyini bəyan edib. Ölkəsində bir radio proqramına qatılan Xristodulidis NATO üzvü Türkiyənin bu istəyə qarşı çıxacağından xəbərdar olduqlarını, lakin buna baxmayaraq, Qərb müdafiə alyansına qoşulmaq üçün doğru zamanda müraciət edəcəklərini bildirib.
Ankara adanın bölünmüş qaldığı və şimaldakı Kipr türklərinin qərar qəbul etmə proseslərinə daxil edilmədiyi müddətcə bu cür üzvlüyə prinsipcə qarşı çıxır.
Mövzu ilə bağlı sualı cavablandıran Milli Müdafiə Nazirliyinin mənbələri Kiprin tələbini "qəbuledilməz inkişaf" kimi qiymətləndirərək, NATO-nun genişlənməsi ilə bağlı qərarların yekdilliklə qəbul edilə biləcəyini xatırladıb.
Bəyanatda "Bu təşəbbüs Kipr məsələsində həssas tarazlığı pozacaq və həllə doğru gedən danışıqlar proseslərinə mənfi təsir göstərəcək" ifadəsi də yer alıb. Ankaranın bütün etirazlarına baxmayaraq, Kipr Respublikasının Vaşinqtonla hərbi əməkdaşlığı inkişaf etdirməsinin səbəbinin mümkün NATO üzvlüyü olduğunu bildirən Prezident Xristodulidis ABŞ Hərbi Hava Qüvvələrinə öz ərazilərində baza verəcəklərini bildirib.
Cənubi Kiprin Yaxın Şərqə yaxınlığı burada yerləşən hərbi bazaları strateji baxımdan dəyərli edir. Məsələn, adanın cənubundan Livanın paytaxtı Beyruta qədər olan məsafə quş uççuşu ilə cəmi 250 kilometrdir.