AZ

Erməni politoloq Aİ-nin missiyasından danışdı: Yola salınır?

Politoloq Suren Surenyants Avropa İttifaqının müşahidə missiyasını Ermənistan-Azərbaycan şərti sərhədində saxlamağa ehtiyac olmadığını bildirib. 

“Cebheinfo.az” xəbər verir ki, siyasi ekspert “Hraparak” nəşrinə açıqlamasında Polşa Prezidenti Andjey Dudanın Ermənistana səfəri zamanı avropalı müşahidəçilərlə görüşməsinin regiondakı proseslərə təsirini şərh edib. 

Surenyantsın sözlərinə görə, müşahidə missiyası Ermənistanın təhlükəsizliyinə təminat gətirmir, əksinə problem yaradır.

Politoloq Suren Surenyants Dudanın Ermənistana səfərindən danışarkən ilk növbədə qeyd edib ki, Polşa parlamentli respublikadır, burada xarici siyasət kursunu hökumət hazırlayır, Duda və indiki hökumət müxtəlif siyasi qüvvələri təmsil edir.

“Polşa Şərqi Avropada, eləcə də postsovet məkanında həmişə çox fəal olub. 

Güman edirəm ki, Duda COP29 çərçivəsində Azərbaycana, oradan da Ermənistana rəsmi səfərə gəlib. O, bir sıra açıqlamalar verdi. Amma mən onlara çox tez reaksiya verməməyi üstün tuturam. Bəyanat vermək bir başqa şeydir, onların gələcəkdə həyata keçirilməsi prosesi bir başqadır”, - Surenyants belə deyib.

Qəzet yazır ki, politoloq Dudanın Avropa İttifaqının müşahidəçiləri ilə görüşündən də söz açıb.

O bildirib ki, Aİ-yə üzv ölkələrin nümayəndələri Ermənistana səfər edərkən həmişə müşahidəçilərlə görüşürlər. Polşa isə Aİ-nin üzvüdür və müşahidəçilər arasında öz nümayəndələri var: 

“Mən Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində onun Bakını narahat edə biləcək addım atdığını görmədiyim kimi, burada da qeyri-adi heç nə görmürəm. Daha doğrusu, Bakı bu faktdan təbliğat məqsədi ilə istifadə edir ki, bu da həmişə belə olub”, - deyə Surenyants bildirib.

O, Aİ-nin Ermənistandakı müşahidəçi missiyasına toxunaraq vurğulayıb:

“Heç kimə sirr deyil ki, təkcə Azərbaycanın deyil, Gürcüstan istisna olmaqla, regionun digər ölkələrinin də müəyyən xətaları var. Aİ müşahidəçiləri Ermənistandakı missiyalarını davam etdirəcəklər, ya yox. Onlar daha çox “yastıq” kimidirlər. 

Onların rolunu qiymətləndirməmək olmaz. Lakin onların rolunu şişirtməyimiz son dərəcə təhlükəlidir. Başqa sözlə, onlar bu sabitliyin qorunub saxlanmasını təmin etmirlər.

Təəssüf ki, Ermənistan Azərbaycana birtərəfli güzəştlər etməkdə davam edir.

Səhv edirəmsə, onda Paşinyan niyə apreldə “Qızıl top” mərasimində deyirdi ki, güzəştə getməsək, həftənin sonuna qədər müharibə olacaq?

Əgər müşahidəçilərin sayəsində sülh təmin olunursa, bəs niyə həmin delimitasiya zamanı erməni tərəfi birtərəfli güzəştlərə getdi? Bundan başqa, xatırlatmaq istərdim ki, onlar “Yerasx”dakı (Arazdəyən) zavodun tikintisinə zəmanət verə bilmədilər”, - Surenyants bildirib.

Surenyants Ermənistanın Aİ müşahidəçilərinin iştirakı ilə razılaşmağını anlaşılmaz hesab edir. “Biz KTMT-yə qarşı demarş edirik. Müşahidəçilər qalsa, mən bunda qeyri-adi mənfi bir şey görməyəcəm. Lakin digər tərəfdən, biz bu missiyanı fetişləşdirməməli və onun mandatını uzatmağa çalışmamalıyıq”, - erməni politoloq qeyd edib. 

Seçilən
11
cebheinfo.az

1Mənbələr