Yerli özünü idarəetmə orqanı olan bələdiyyələrin gəlir mənbələrinin sayında artım baş verəcək.
Sfera.az xəbər verir ki, “Qrant haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsasları yaradılacaq. Qanun layihəsinin qəbulundan sonra növbəti ildən bələdiyyələrin gəlirinin bir hissəsi qrantlar hesabına təmin ediləcək.
Bələdiyyələr hazırda 2 qrup gəlir əldə edir. Onlardan biri vergilər, digəri isə vergi olmayan gəlirlərdir. Qrantlar da vergi olmayan gəlirlərə aid ediləcək.
2023-cü ilin məlumatına görə, bələdiyyələrin illik gəliri 54 milyon 505 milyon manat olub. Bu gəlirin 22 milyon 648 min manatı vergilərdən, 31 milyon 857 milyon manatı vergi olmayan gəlirlərdən ibarətdir.
Bələdiyyələr fiziki şəxslərdən torpaq və əmlak vergisi, eləcə də bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilardan mənfəət vergisi toplayır. Vergi növləri arasında daha çox gəlir əmlak vergisindən əldə olunur.
Vergi olmayan gəlirlər arasında ən çox gəlir bələdiyyə əmlakının satılmasından, bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən, dövlət büdcəsindən ayrılan dotasiya və subvensiyalardan daxil olub.
Qrantlar hesabına bələdiyyələr vergi olmayan gəlirlərini bir qədər də artıra biləcək.
Vasif