AZ

Türkiyə Kiprin NATO-ya üzv olmasını qəbuledilməz hesab edir

Yunan Kipr administrasiyasının NATO-ya üzv olması planları “qəbuledilməzdir və bölgədəki kövrək tarazlığı poza bilər”.

Bu barədə jurnalistlərə Türkiyənin Müdafiə Nazirliyindəki mənbə Kipr prezidenti Nikos Xristodulidisin açıqlamalarını şərh edərkən bildirib.

Xristodulidis bundan əvvəl Kiprin ən qısa zamanda NATO-ya üzv olmaq niyyətini açıqlamışdı. O, həmçinin qeyd edib ki, ölkə silahlı qüvvələrinin müasirləşdirilməsi və müttəfiqlik standartlarına uyğunlaşdırılması üçün bütün mövcud resurslardan istifadə edir.

Türkiyə Müdafiə Nazirliyindəki mənbə vurğulayıb ki, NATO-nun genişləndirilməsi qərarı bütün üzv ölkələrin milli maraqları nəzərə alınmaqla yekdilliklə qəbul edilir.

“İndiki mərhələdə Cənubi Kiprin Yunan administrasiyasının NATO-ya üzv olmaq üçün müraciəti Türkiyə üçün qəbuledilməz addımdır. Bu proses incə tarazlığı pozacaq və Kipr probleminin həlli üzrə danışıqlara mənfi təsir göstərəcək”, - Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

“Katimerini” qəzetinin yazdığına görə, Nikos Xristodulidis oktyabrda ABŞ prezidenti Co Baydenə NATO ilə yaxınlaşma planını təqdim edib, həmçinin Buxarestdə keçirilən Avropa Siyasi Birliyinin sammitində alyansın baş katibi Mark Rutte ilə müzakirə edib.

Əvvəllər Kipr hakimiyyəti etiraf edirdi ki, NATO-ya üzvlük yolunda ciddi maneələr var. Kipri ​​dövlət kimi tanımayan Türkiyə, onun üzvlüyünə istər-istəməz etiraz edəcək. Bundan əlavə, Kipr hələlik alyansın bəzi standartlarına cavab vermir.

Kipr faktiki olaraq 1974-cü ildən Yunan və Türkiyə hissələrinə bölünüb. Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) 1983-cü ildə adanın ərazisinin 37%-də elan edilib.

Kiprin BMT vasitəçiliyi ilə birləşdirilməsi ilə bağlı danışıqlar dəfələrlə pozulub.

Hazırda kiprli yunanlar problemi ikizonal, ikikommunal federasiya çərçivəsində həll etməkdə israrlıdırlar. Kipr türkləri konfederasiyanın tərəfdarıdır, bərabər suverenliyin və beynəlxalq statusun tanınmasını tələb edirlər. Kipr türklərinin lideri Ersin Tatar yalnız bu şərtlər yerinə yetirildiyi təqdirdə danışıqlar masasına qayıdacağını dəfələrlə bəyan edib.

Almaz Həsənli

Seçilən
12
oxumeni.az

1Mənbələr