AZ

Ədəbiyyatımızın Vicdanı: Məmməd Arif Dadaşzadənin 120 illik yubileyi - FOTOlar

Beynəlxalq Muğam Mərkəzində  görkəmli ədəbiyyatşünas alim, tənqidçi, ictimai  xadim, Dövlət Mükafatı laureatı, Əməkdar Elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin 120 illik yubileyinə həsr olunmuş "Ədəbi üfüqlərdə" adlı bədii-musiqili gecə keçirilib.

Gecə  alimin həyatının əsas mərhələlərini əks etdirən videoçarxın sərgilənməsi ilə başlanıb. Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru  Qafar Əsgərzadənin ssenari müəllifi olduğu gecədə  böyük alimin həyat və yaradıcılıq yolu geniş işıqlandırılıb.

AMEA prezidenti akademik İsa Həbibbəyli öz çıxışında   Məmməd Arifin Azərbaycan ədəbiyyatşünaslıq elmi qarşısında müstəsna xidmətlərindən ətraflı söz açıb. Uzun illər Elmlər Akademiyasının vitse-prezidenti olmuş  Məmməd Arifin Azərbaycan ədəbiyyatı tarixinin konsepsiyasının hazırlanmasında,  ədəbiyyat tarixinə dair fundamental nəşrlərin işıq üzü görməsində özəl rolunu vurğulayıb.  O, həmçinin  1939-cu ildən 1959-cu ilə qədər fasilələrlə Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru  kimi çalışmış  Məmməd Arifin  institutun təşəkkülü və  fəaliyyət strategiyasının formalaşmasındakı xidmətlərini   müfəssəl açıqlayıb. Akademik, çıxışının sonunda ədəbiyyatşünaslıq məktəbi, ədəbi tənqid və tənqidçilər məktəbi yaratmış M.Arifin elmi ideyalarının   aktuallığını,  onun müəyyən etdiyi istiqamətlərin  ədəbiyyatşünasların yeni nəsli tərəfindən davam etdirildiyini, vəsiyyətlərinin uca tutulduğunu qeyd edib. 

Daha sonra  söz alan  Nizami Gəncəvi  adına Milli Azərbaycan Ədəbiyyat muzeyinin direktoru, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini akademik Rafael Hüseynov  Məmməd Arifin   keşməkeşli yoluna  mürəkkəb, gərgin XX əsrin heç də birmənalı olmayan olayları   kontekstində nəzər salıb.    R.Hüseynov sənədlərə, habelə  görkəmli sənət, elm xadimlərinin  xatirələrinə, şəhadətnamələrinə dayaqlanaraq  Məmməd Arifin Azərbaycan ədəbiyyatı üçün taleyüklü məqamlarda, məsələn, "Kitabi-Dədəd Qorqud" dastanının yasaqlanması, Heydər Hüseynova qarşı təqib kampaniyası  zamanı  tutduğu  prinsipial mövqeyi müfəssəl işıqlandırıb.  R.Hüseynovun ilk dəfə səsləndirdiyi qiymətli faktlar, fikirlər Məmməd Arifin bir alim və insan kimi  obrazını Zaman  kontekstində  dəyərləndirmək baxımından olduqça  önəmlidir.  Hüdudsuz bilikləri, vacib ümumiləşdirmələri  duyğusallıqla mahiranə uzlaşdırmağı  bacaran R.Hüseynovun təqdimatında  Məmməd Arif Dadaşzadə sağlığında  "ədəbiyyatımızın vicdanı" adına  layiq görülmüş  əsl şəxsiyyət kimi göz önündə canlanıb.

Aparıcısı  Azadə Qafarzadə olduğu gecədə Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının (bədii rəhbər -  əməkdar artist Tariyel Abbasov)  müşayiəti ilə xalq artisti Gülyaz Məmmədova, əməkdar artist  Nüşabə Ələsgərli, müğənnilər Vüsal Hacıyev, Nicat Cəfərzadə, Ayşən Mehdiyeva, Sərxan Bünyadzadə, Günay  İmamverdiyeva, İlkin Qasımov, Rasim Səfər, Ramazan Şərifzadə   Azərbaycan bəstəkarlarının mahnılarını  ifa ediblər.  Gülyaz  Məmmədovanın məclisin ruhuna uyğun səsləndirdiyi Fikrət Əmirov və Şəfiqə Axundovanın mahnıları  gecəyə  kövrək notlar əlavə edib.  Gənc şair Günəş Hüseynovun  vaxtilə Süleyman Rüstəmin  Məmməd Arifə həsr etdiyi şeirə yazdığı nəzirə auditorya tərəfindən böyük maraqla dinlənilib.

Sonda  söz alan   Məmməd Arifin nəvələri  - filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə  gecənin təşkilatçısı olmuş "Könüllülər" Kitabxana İctimai Birliyi  və Beynəlxalq  Muğam Mərkəzinin rəhbərliyinə,  alimin xatirəsini yad edən hər bir kəsə öz dərin təşəkkürünü bildiriblər.  Z.Dadaşzadə öz çıxışında gecənin məhz  Muğam Mərkəzində keçirilməsinin  təsadüfi olmadığını,  Məmməd Arifin 1930-cu ildə, milli irsə qarşı hücumların vüsət aldığı dövrdə  "Aprel alovları" toplusunda dərc etdirdiyi "Tar çalınır" hekayəsinin milli-mədəni dəyərlərin, muğamın və tarın müdafiəsində nə kimi rol oynadığını nəzər-diqqətə çatdırıb.

Böyük ədəbiyyatşünas alim, tənqidçi, ictimai xadim  Məmməd Arif  Dadaşzadənin 120 illik yubileyinə həsr olunmuş, görkəmli elm, sənət adamlarının iştirakilə keçən "Ədəbi üfüqlərdə" adlı bədii gecə mədəniyyət həyatının əlamətdar  hadisəsi kimi yaddaşlarda yaşayacaq.     

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
2
milli.az

1Mənbələr