AZ

Cümə günü Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın ABŞ-dakı hərbi attaşesinin köməkçisi, daha əvvəl İstanbulda 70 kiloqram qızıl ilə saxlanılan Qəhrəman Məmmədovun həbsi barədə rəsmi məlumat yayıb.

O, digər Azərbaycan vətəndaşı Anar Qasımov və xarici vətəndaşlarla əlbir olaraq qaçaqmalçılıqda ittiham olunur.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir: “Qəhrəman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 2 22 noyabr 2024-cü il tarixində Amerika Birləşmiş Ştatlarından Türkiyə Respublikasına gəlmiş, həmin gün Anar Qasımov tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürmüşdür. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirmişdir. Daha sonra Qəhrəman Məmmədov bu qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdır. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10.220.900 (on milyon iki yüz iyirmi min doqquz yüz) manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülmüşdür”.

Anar Qasımov Türkiyədə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Qəhrəman Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələrilə cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə  onun barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir, məlumatda deyilir.

Seçilən
70
turan.az

1Mənbələr