Hər il noyabr ayı bütün dünyada butik şəbəkələrdə, böyük elektrotexnika mağazalarında endirimlərlə yadda qalır.
Bu gün “Black Friday” adlandırılan “Qara cümə” günü münasibətilə qlobal ticari məkanda böyük endirimlər tətbiq olunur. İnsanlar bu endirimlərdən maksimum dərəcədə yararlanırlar. Səslənən bəzi iddialara görə, “Qara cümə”də müxtəlif mağazalarda kütləvi endirimlər olsa da, satışda olan məhsullar tam istifadəyə yararlı olmur. Belə ki, böyük endirimlər mağazalara çoxsaylı alıcıların axışması ilə nəticələnir.
Bu zaman endirimlə satılan məhsulların yoxlanılmasına fikir verilmir. Son nəticədə isə alıcılar “Qara cümə”də böyük endirim əldə etdiklərini düşünsələr də, yarasız məhsullara pul xərcləyirlər. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycanda “Qara cümə” vaxtı alıcılar aldadılır:
"Bu gündə istehlakçlılara əsasən keyfiyyətsiz və sıradan çıxan malları satırlar. Azad İstehlakçılar Biriliyinə gələn şikayətlərin məzmunu əsasən məhsulun dəyişdirilməsi və ya qaytarılması ilə bağlı olur. İstehlakçı məhsulu aldıqdan sonra keyfiyyətsiz olduğu və tələbatını qarşılamadığı üçün məhsulu qaytarmaq məqsədilə müraciət edir. Lakin mağazalar alıcıları xəbərdar edirlər ki, endirimdə olan və alınan mallar geri qaytarılmır.
Lakin bu, qanun pozuntusudur. Qanuna görə, qəbz vasitəsilə məhsulu dəyişdirmək, yaxud qaytarmaq olur".
O qeyd edib ki, istehlakçılar müxtəlif texniki vasitələr aldıqda satıcının yanında məhsulun bütün düymələrini, funksiyalarını yoxlasınlar:
"Televizor alan istehlakçılar mağazada məhsulun antenaya qoşulmasını yoxlasınlar. Bir çox hallarda televizor satanlar hiylə ilə deyirlər ki, bizdə antena yoxdur.
Bilərəkdən ekranda hər hansısa videomaterial göstərirlər. İstehlakçılar isə tələb etsinlər ki, antena ilə yayım yoxlanılsın. Məhsul üçün mütləq zəmanət talonu alsınlar, kassa qəbzini uzun müddət saxlasınlar. İstehlakçı hüququ pozularsa, Azad İstehlakçılar Birliyinə, yaxud "195" qaynar xətti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinə müraciət etsinlər".