AZ

Vaqif Qarayev: Bizim ölkədə antibiotiki qızdırma dərmanı kimi də qəbul edirlər, lakin...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, antibiotiklərə qarşı müqavimət ictimai sağlamlıq və qlobal inkişaf üçün ən böyük təhlükələrdən biridir. Təşkilat antibiotiklərə davamlı bakteriyaların qlobal siyahısını dərc edib: təhlillər göstərib ki, patogenlərin 60%-i artıq geniş istifadə olunan dərmanlara reaksiya vermir.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, 2019-cu ildə dünyada 1,27 milyon insan antibiotiklərin faydasız olduğu bakterial infeksiyalar səbəbindən dünyasını dəyişib. Bu, HİV, QİÇS və malyariya ilə müqayisədə xeyli çoxdur.
Vəziyyət daim pisləşir və patogenlərlə mübarizənin mövcud metodunun qeyri-adekvatlığını nümayiş etdirən yeni tədqiqatlar ortaya çıxır. Məsələn, 2023-cü ildə Sidney Universitetinin mütəxəssisləri 86 ölkədən 6648 uşaq antibiotikini sınaqdan keçiriblər. Bu dərmanlar ÜST tərəfindən sətəlcəm, sepsis və meningit kimi ümumi və həyati təhlükəsi olan uşaqlıq infeksiyalarının müalicəsi üçün tövsiyə edilib. Məlum olub ki, onların effektivliyi 50%-dən çox azalıb. Mütəxəssislər qeyd edirlər ki, mövcud vəziyyətdən ən çox əziyyət çəkən uşaqlardır, çünki inkişafda olan bir neçə analoq böyüklər üzərində sınaqdan keçirilir və uşaqlarda həmişə eyni klinik təsir göstərmir.

Üstəlik, antibiotiklərin istifadəsini azaltsaq belə, bakteriyaların dərmanlarla mübarizə aparmasına kömək edən genlərin təkamülü dayanmayacaq. Belə ki, 2017-ci ildə Çin hökuməti heyvan yemində böyümə stimulyatoru kimi kolistinin (ən güclü antibiotiklərdən biri) istifadəsini qadağan edib. Bununla belə, Çində aparılan genişmiqyaslı tədqiqatlar gözləniləndən daha aşağı göstəricilərlə nəticələnib. Alimlər belə qənaətə gəliblər ki, antibiotik istehlakının azaldılması problemin həlli deyil. Təhlükəli bakteriyalarla mübarizədə əsaslı yeni yanaşmalar üzərində işləmək lazımdır.

Bu gün bütün dünyada antibiotiklərə oxşar təsiri olan alternativ dərmanların yaradılması istiqamətində aktiv iş aparılır.

Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında deyib ki, antibiotiklərə qarşı müqavimət ən ciddi problemlərdən biridir: 

“Bunun səbəbləri çoxdur. Məsələn, aqrar sahədə və qida sənayesində toyuqları şişirtməkdən ötrü antibiotiklərdən istifadə edilir. İnsanlar da o toyuqları yedikdən sonra antibiotik həmin insanın orqanizminə daxil olur və artıq həmin antibiotikə qarşı davamlılıq yaranır. Dərmanların reseptsiz satılması, əlbəttə ki, düzgün deyil. Ancaq bizdə hələ də bu işin öhdəsindən gələ bilmirlər. Apteklərdə resept göstərən müştəri çox azdır. Hamı ya hansısa kağızı ya da telefonunu göstərir. Əczaçılar da malını satmaqdan ötrü nə istəyirlərsə, onu da  verirlər. Bu düzgün deyil. Ümumiyyətlə pasientin həm fizikal, həm də laborator müayinəsindən sonra antibiotiki həkim təyin etməlidir. Çünki sözügedən pereparatlar kortəbii şəkildə qəbul olunsa, onlara qarşı müqavimət yaranacaq. Bundan sonra isə konkret bir problemi həll etmək üçün antibiotik seçimi çox çətin olacaq. Bizim ölkədə antibiotiki qızdırma dərmanı kimi də qəbul edirlər. Bu isə səhv fikirdir. Məsələn, aptekdə müşahidə aparsaq görərik ki, müştəri yaxınlaşıb  özü və uşağında qızdırma olduğunu bildirsə həmin müştəriyə antibiotik təklif olunacaq. Ancaq heç bir dərmanı reseptsiz vermək olmaz. Yalnız ilk yardım üçün, qızdırma başağrı dərmanı kimi pereparatlar reseptsiz satıla bilər. Avropada bu dərmanlar elə marketlərdə də satılır. Qalan bütün hallarda dərman reseptlə satılmalıdır”.
Seçilən
35
50
sherg.az

10Mənbələr