Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən əkin sahələrində siçanabənzər gəmiricilərin geniş yayılmasının qarşısının alınması məqsədi ilə müşahidə və mübarizə tədbirləri həyata keçirilir.
“Qafqazinfo” xəbər verir ki, cari ilin sentyabr ayından bugünədək 95.564 hektar sahədə müşahidələr aparılmış, 70.145 hektar sahədə sirayətlənmə aşkar edilmiş, 56.322 hektar sahədə mübarizə tədbirləri həyata keçirilib. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, siçanabənzər gəmiricilər kütləvi artıb çoxaldığı illərdə kənd təsərrüfatı üçün böyük təhlükə törədir. Odur ki, onların miqdarını müəyyən etmək, aparılacaq mübarizə tədbirlərinin həcmini proqnozlaşdırmaq, aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması vacibdir. Siçanabənzər gəmiricilərin artıb çoxalması üçün optimal temperatur 10-25°C-dir. Havanın temperaturu yüksək olduqda yaşlı fərdlər istilərə dözməyərək məhv olur, kiçik yaşlı fərdlər isə yaşlılara nisbətən istiyə daha çox davamlıdırlar. Bunun əksinə olaraq havanın şaxtalı olduğu dövrdə yaşlı fərdlər davamlı, cavan fərdlər isə davamsız olur. Bu səbəbdən şaxtalı havalarda cavan fərdlərin kütləvi məhv olması baş verir. Böyük bədən ölçülü istiqanlılara nisbətən siçanabənzər gəmiricilər fərqli bioloji orqanizm olaraq yaşamaq üçün daha çox enerji sərf edir. Bu səbəbdən onların daha çox qidalanmasına ehtiyac yaranır.
Zərərvericiyə qarşı mübarizədə aqrotexniki tədbirlərin rolu böyükdür. Belə ki, əkin sahələrində məhsulun vaxtında və itkisiz yığılması, bitki qalıqlarının sahədən təmizlənməsi, sahənin vaxtında şumlanması, becərilməsi, sualtı əkinlərdə sahələrin vaxtında suvarılması, həmçinin əkinətrafı ərazilərin bellənməsi və ya şumlanması siçan populyasiyalarının artmasının qarşısının alınmasında mühüm rol oynayır.
Zərərvericinin yeni ərazilərə yayılması və ən çox saya malik pik mərhələsində kimyəvi mübarizə üsulundan istifadə edilir. Respublikamızda son illər siçanabənzər gəmiricilərə qarşı əsasən “Sink-fosfid” preparatı tətbiq olunur.
Ziyanvercilərə qarşı bir hektarda işlək yuvaların sayı dənli taxıl bitkilərində payız mövsümündə 50 yuva, erkən yazda 75 yuva, yaz mövsümündə 100 yuva olduqda mübarizə aparılır. Payızlıq əkinlərdə hesabatlar taxılın kollanma fazasından qış soyuqları düşənə qədər, yazda isə bitkinin yenidən inkişafa başladığı dövrdə aparılır.
Kimyəvi mübarizə məqsədilə “Sink-fosfid” preparatı ilə aldadıcı yem hazırlanır. Aldadıcı yemin hazırlanmasında dənlərdən, günəbaxan tumundan, yarma, kəpək, sıyıq, kombinə edilmiş yemlərdən istifadə olunur. Gəmiricilərin zərər vurduğu sahələrdə hər işlək yuvaya 3 qram aldadıcı yem qoyulur.
Fermerlərə siçanabənzər gəmiricilərin əkin sahələrinə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə bu zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına müraciət olunması tövsiyə olunur.