“Fikrimcə, bu oyunlara tam hazır deyildik. Məsələn, “Lənkəran”la matça yaxşı başladıq, uzun müddət hesabda öndə olduq, amma üstünlüyümüzü qoruya bilmədik”.
İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın basketbolçusu Murad Orucəliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, ötən illə hazırkı mövsümü müqayisə edib: “Ümid edirəm ki, yeni oyunçularımızın gəlişi ilə daha da komplektləşəcəyik. Doğrudur, ötən “basketbol ili”ndə hədəflərimizə çata bilməsək də, oyun planında anlaşma var idi. Səhvlərimizdən nəticə çıxarmağı bacarırdıq. İndi isə bunu görmürük. Amma bu problemi qaydaya salmaq olar. Fikrimcə, zamanla hər şey yaxşı olacaq. Pley-offa vəsiqə qazanmaq üçün əlimizdən gələni etməliyik”.
Orucəliyev B qrupundakı rəqibləri də dəyərləndirib: “Hazırda “Gəncə” daha yaxşı çıxış edir. “Ordu” haqda da xoş fikirlər səsləndirmək olar. Amma onları məğlub etmək şansımız var. “Lənkəran” haqda danışdım. Qələbə qazanmağa yaxın olduğumuz oyunu əldən verdik. Sabah “Quba” ilə qarşılaşırıq. Onları məğlub etməliyik”.
Qeyd edək ki, “Quba” – “Sumqayıt” oyunu noyabrın 30-da Quba Olimpiya İdman Kompleksində keçiriləcək.
İdman.biz