Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.
Layihəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
Bu torpaqların icarəyə verilməsinin aqrar sektorun inkişafına necə təsir edəcək?
Mövzu ilə bağlı Valyuta.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib ki, bu torpaqları icarəyə verərkən uzunmüddətli olmalıdır:
"Ümumiyyətlə bir çox Aropa ölkələrində, Almaniya, Niderland kimi ölkələrdə torpaqlar əsasən icarəyə verilir. Torpaqları o fiziki şəxsə, firmaya icarəyə verirlər ki, onların bu işlə məşğul olan mütəxəssisləri olur. Hətta həmin torpaqları icarəyə götürmək istəyən insanları sual-cavab edirlər. Torpaqdan necə və nə məqsədlə istifadə edəcəklərini soruşurlar. Azərbaycanda isə 1995-ci ildə bütün bunları nəzərə almadan savxoz və kalxozların torpağını ayrı-ayrı şəxslərə payladılar. Bu torpaqların icarəsinin isə bir-iki ilə verilməsi doğru deyil. Torpaqları əvvəldən əkinə hazırlamaq lazımdır. Bunun üçün də kifayət qədər kapital qoyuluşu lazım olur. Lakin heç bir kəndli 2-3 illik icarəyə götürdüyü torpağa bu qədər kapital yatırmaz. Torpaqlar uzun müddətli, ən azı 19-49 ilə icarəyə verilməlidir ki, onu icarəyə götürən şəxsdə maraqlı olsun, torpağın qayğısına qalsın, lazımı olan aqrotexniki qaydalara əməl etsin. Belə olan halda həmin torpaqlardan istifadə yaxşı nəticə verə bilər".
Ekspert deyib ki, işğaldan azad edilmiş torpaqlar daxil bütün Azərbaycanda bu qanun tətbiq olunması ilə bağlı qaydaları ciddi hazırlamaq lazımdır:
"Torpaq elə bir istehsal vasitəsidir ki, ona lazımi mineral elementləri vermədən, su təminatını həyata keçirmək məqsədi ilə suyun həmin əraziyə gətirlməsini təşkil etmədən orda istehsalla məşğul olmaq mümkün olmayacaq. Torpağa dən atmaqla məhsul vermir".
Vahid Məhərrəmov əlavə edib ki, bir neçə ildir işğaldan azad olunmuş 250 min hektar ərazilərdə əkin işləri aparılır. Bu ərazilərdə heyvandarlıqla, arıçılıqla məşğul olanlar var. Lakin bunların ümumi istehsala xeyri olmayıb. Bunun da bir çox səbəbləri var:
"Həmin torpaqlar münbitləşdirilməlidir. Uzun müddət istifadə olunmaması demək deyil ki, həmin torpaqlar xam torpaqlardır. Bu yalnış fikirdir. Həmin torpaqlar uzun müdət istifadə olunmayıb, torpaqlara yağan yağışlar toprağın tərkibindəki mineral elementləri yuyub onun alt hissəsinə aparır. Bu da bitkinin inkişafı üçün əlçatan deyil. Yenidən bu torpaqlarda aqrokimyəvi analizlər aparılmalıdır. Torpağın tərkibində hansı elementlər çatışmır və ya daha çox olması müəyyən edilməlidir. Bütün bunlar haqqında kəndliyə məlumat verilməlidir".