“Şübhəsiz ki, istənilən proqnoz müəyyən risklərə məruz qala bilər. Ona görə qeyd etmək istəyirəm ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadiyyat Nazirliyi tərəfindən tərtib olunan makroiqtisadi proqnozları əsas götürüb. Bildiyimiz kimi, neft qiymətlərinin proqnozunda üç senari var: Optimist, baza və pessimist ssenari. Bizim büdcə proqnozları baza ssenarisi üzərində qurulub. Baza ssenarisində isə neftin qiyməti 70 dollar götürülüb. Pessimist ssenaridə bu qiymət 60 dollar səviyyəsində götürülür”. Bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, neftin qiyməti düşərsə, Dövlət Vergi Xidməti tərəfindən büdcə daxilolmalarının 340 milyon manat azalması proqnozlaşdırılır: “Bu o qədər də sarsıdıcı fakt ola bilməz. Dövlər Neft Fondunun gəlirlərinə gəldikdə isə təsir daha yüksəkdir. Burada söhbət 2 milyard 100 milyon manatlıq təsirdən gedir. Cari ilin büdcəsində neftin qiymətini 60 dollardan 75 dollara kimi yüksəltmişik. Növbəti il üçün isə bu qiyməti 5 dollar az götürmüşük. Əgər neftin qiyməti enersə, mənfi təsirləri qarşılaya bilmək üçün ehtiyat addımlarımız var”.
Xatırladaq ki, Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir. Statistikaya görə, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də qeydə alınıb. Həmin tarixdə Azərbaycan nefti birjalarda 15,81 ABŞ dollarına təklif olunub. “Azeri Light” neftinin maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar olaraq qeydə alınıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
2025-ci ildə neftin qiymətinə gəlincə, bununla bağlı proqnozlar müxtəlifdir. Məsələn, Beynəlxalq Enerji Agentliyi və digər qurumlar növbəti illərdə dünya neft tələbatında artımın daha yavaş tempdə davam edəcəyini proqnozlaşdırırlar. Bu, əsasən “yaşıl enerji”yə keçid siyasətlərinin güclənməsi ilə əlaqədardır. Lakin tələbat artımı Asiya ölkələri, xüsusən də Çin və Hindistanın istehlakının artması ilə dəstəklənə bilər.
Bununla yanaşı, bəzi ekspertlər neft qiymətlərinin 2025-ci ildə 70-90 ABŞ dolları arasında dəyişəcəyini bildirir, lakin bu proqnozlar geosiyasi risklərdən, o cümlədən Rusiya-Ukrayna müharibəsi və OPEC hasilat qərarlarından təsirlənə bilər. Eyni zamanda Dünya Bankı və digər qurumlar qeyd edir ki, qlobal iqtisadi yavaşlama ssenarisi baş versə, neftin qiymətləri daha aşağı həddə, hətta 50-60 dollar intervalına enə bilər.
“Goldman Sachs”ın analitikləri isə hesab edirlər ki, 2025-ci ildə “Brent” markalı neftin orta qiyməti 76 dollar olacaq. “Goldman” 2025-ci ildə dünya neft bazarına təklifin Amerika qitəsindəki güclü təklif artımı ilə tələbi gündə 400 000 barel üstələyəcəyini gözləyir. ABŞ-da tədarükün artımı sutkada 640 min barel, Kanadada 220 min barel, Braziliyada 130 min barel, Qayanada isə 80 min barel səviyyəsində qiymətləndirilir.
Ekspertlər birinci rübdə “Brent” neftinin orta qiymətini 75 dollar, ikincidə 77 dollar, üçüncüdə 76 dollar, dördüncü rübdə isə 74 dollar səviyyəsində gözləyirlər. WTI markalı neftin “Brent”dən 4 dollar aşağı ticarət ediləcəyi gözlənilir. Analitiklər 2026-cı ildə artıq tədarük həcmini orta hesabla sutkada 1,3 milyon barel səviyyəsində proqnozlaşdırırlar.
2026-cı il üçün “Brent” neftinin qiymətinin proqnozu neftin qlobal bazarda gündəlik 900 min barel profisiti ilə 71 dollar proqnozlaşdırılır.
“Goldman” ekspertləri hesab edirlər ki, inkişaf etməkdə olan iqtisadiyyatların böyüməsi sayəsində neftə tələbat daha bir onillikdə də artmağa davam edəcək. Onlar hesab edirlər ki, hava nəqliyyatı və neft-kimya məhsullarının karbondan təmizlənməsi növbəti 10 il ərzində problem olaraq qalacaq.
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli deyib ki, gələn ilin dövlət büdcəsində neftin bir barelinin orta illik qiymətinin 70 dollar səviyyəsində götürülməsi risklidir: “Gələn ilki büdcədə neftin orta illik qiyməti 60 dollar olsa, daha komfortlu ssenari olar. Gələn il dövlət büdcəsində neftin orta illik ixrac qiyməti 60 dollar olsa, gəlirlərimiz az olacaq”.
Ekspert bildirib ki, gələn ilki dövlət büdcəsinin göstəriciləri 2024-cü ilin dövlət büdcəsinin göstəricilərindən çox da fərqlənmir: “Əsas dəyişiklik cari xərclərin təxminən 2 milyard manata qədər artırılmasıdır. Burada artım əsasən minimum əməkhaqqının və pensiyanın maliyyələşdirilməsi üçündür. Ona görə də artan cari xərclərin maliyyələşdirilməsi vacibdir. Çünki inflyasiya əhaliyə mənfi təsir göstərir, biznesə də problemlər yaradır. 2025-ci ilin dövlət büdcəsində neftin bir barelinin orta illik ixrac qiymətinin 60 dollar götürülməsi, büdcə göstəricilərinə daha ehtiyatlı yanaşma məqsədəuyğun olardı”.
O qeyd edib ki, hazırda neft bazarında kəskin qiymət dəyişikliyi baş verir: “Gələn il də neft qiymətlərində dalğalanmalar gözləniləndir. Hətta neft qiymətləri daha çox bahalaşa bilər. Çünki neft qiymətləri Yaxın Şərqdə baş verən proseslərdən çox asılıdır. Əgər Yaxın Şərqdə ciddi münaqişələr olmasa, gələn il neft qiymətlərinin bu ildəki qiymətlərdən daha aşağı olacağı proqnozlaşdırılır. Görünən odur ki, neft bazarı ciddi siyasi, hərbi hadisələrə reaksiya verir”.
Məsələ ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, büdcədə neftin orta ixrac qiymətinin götürülməsi dünya bazarında gedən tendensiyalarla bağlıdır: “Bazarda nə vəziyyət ola bilər. Azərbaycan hökuməti bunu büdcəyə salıb tərtib edərkən irimiqyaslı neft şirkətlərinin, o cümlədən də Beynəlxalq Enerji Agentliyinin neft ixrac edən ölkələrin il üçün proqnozlarına baxır. Bunun nəticəsində özü üçün daha təhlükəsiz yolun keçirilməsi ilə bağlı bir rəqəm ortaya qoyur. Əgər biz nəzər yetirsək görərik ki, 2022-ci ildən 2024-cü ilə qədər neftin orta qiyməti üzüaşağı gedir. İstər gələn il üçün, istərsə bu il, istərsə də 2026-cı il üçün olan bütün proqnozlar neftin qiymətinin get-gedə ucuzlaşacağını göstərir. Bütün bunlar ondan qaynaqlanır ki, 2022-ci ildə brent markalı neftin qiyməti 101 dollara çatdı ki, bu zaman da dünyada çox böyük hərbi-siyasi risklər ortaya çıxdı. Bu risk əsasən Rusiya-Ukrayna müharibəsi və onun doğurduğu fəsadlar idi. Bundan öncə neftin qiyməti 70 dollar idi, birdən-birə orta qiymət 30 dollara qalxdı. Təqribən 50 faizə yaxın bir artım demək idi. Bu risk dərəcəsi idi. Bu, neftin real qiyməti deyildi. Bundan sonra 2023-cü ildə neftin qiyməti 86 dollara qədər ucuzlaşdı. Oktyabrda neftin orta qiymətini 81-82 dollarda artıq proqnoz edirdilər. Gələn il üçün isə müxtəlif qiymətlər deyilir. Amerika banklarından tutmuş, beynəlxalq təşkilatlara qədər neftin qiymətinin 69-76 dollar arasında dəyişəcəyi ilə bağlı xeyli proqnozlar var. Ona görə də hökumət hesab edir ki, neftin qiyməti 70-75 arasında olacaq”.
İ. Şaban xatırladıb ki, cari ilin iyun ayında büdcəyə yenidən baxılarkən neftin qiyməti 75 dollara qədər artırıldı: “İlin ikinci yarısı üçün büdcədə elan edilən qiymət idi. Ancaq hökumət büdcənin gəlirlərini sığorta etmək üçün neftin orta qiymətini 70 dollardan götürmüşdü. Maliyyə Nazirliyinin saytında bununla bağlı xüsusi məlumat yerləşdirilmişdi. Nədənsə çoxları buna fikir verməmişdi. Bizim hökumət nəyisə proqnoz edəndə həmişə özü üçün təhlükəsizlik zolağı da götürür. Necə ki, iqtisadiyyat üçün Neft Fondu o rolu oynayır. Növbəti illər üçün neft qiymətinin azalması labüd məsələ kimi götürülür. Çünki hesab edirlər ki, artıq Rusiya-Ukrayna müharibəsi də başa çatmaq üzrədir. Baxmayaraq ki, Yaxın Şərqdə biz bu il vəziyyətin daha da kəskinləşməsini, hərbi əməliyyatların coğrafiyasının genişlənməsini müşahidə etdik. Ancaq bu heç də proqnoz edilən İsrail -İran müharibəsinə gətirib çıxarmadı. Buna rəğmən biz görürük ki, artıq xeyli vaxtdır neftin qiyməti 70-72 dollar ətrafındadır. Digər tərəfdən də, dünya iqtisadiyyatı inkişaf edir. Enerji inkişaf üçün lazımdır. COP29-da da qeyd etdilər ki, bu inkişaf üçün lazım olan enerjini artıq “yaşıl enerji” hesabına qarşılandığında əvvəlki səviyyədə neftə-qaza tələb artmır”.