Azərbaycanın təşkilatçılığı ilə COP29 konfransı iqlim dəyişmələrinin müzakirə olunduğu COP-lar tarixinə ən uğurlu və yadda qalan tədbir olaraq düşdü. Bakının ev sahibliyi qismində yaradılan mükəmməl şərait fonunda göstərilən diplomatik və gərgin səylər öz uğurlu nəticələri ilə seçildi. COP29-un uğurlu nəticələrlə yadda qalması əksəriyyət tərəfindən qəbul edilir və etiraf olunur. Prezident İLham Əliyev də möhtəşəm tədbirdən sonra onun nəticələrinə dair paylaşım edib.
Paylaşımda deyilir:
“Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu.
Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.
Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.
Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.
“Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik.
Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.
Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq.
Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək.
Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm”.
Ekspertlər, ekoloqlar da COP29-un uğurlu nəticələr verməsi fikrində həmrəydirlər.
Siyasi ekspert Aydın Quliyev bildirir ki, COP29 bütün COP-ların tarixində özünün məzmunu, ortaya qoyduğu nəticələrlə yadda qalacaq: “COP29 əldə olunmuş nəticələrlə bərabər, həm də onun fəaliyyətinə qarşı yönəlmiş müəyyən qarayaxma cəhdlərinin iflasa uğraması nöqteyi-nəzərindən əlamətdardır. COP29 həm də Paris sazişinin 6-cı maddəsinin işlək vəziyyətə gətirilməsi üçün də çox önəmli yer aldı”.
Ekspert qeyd edir ki, Paris sazişində yer alan bu maddələr 2015-ci ildə qəbul olunsa da, bu günə qədər məlum bəndləri ilə bağlı uğurlu tərpəniş baş vermirdi. Bakıda keçirilən COP29-da Paris sazişinin 6-cı maddəsi razılaşdırıldı.
“Dünya dövlətləri arasında karbon qazı ilə ticarət, əməkdaşlıq yönündə əldə olunan razılaşmalar çox önəmlidir. Bu maddə bir tərəfdən ətraf mühitin karbon qazının çirkələndirilməsinin xeyli dərəcədə azalmasına, eyni zamanda karbon qazının aşağı düşməsinə səbəb olacaq. Bir neçə il bundan əvvəl qəbul olunmuş Zərər və itki fondunun da hərəkətə gətirilməsi olduqca önəmlidir. Bu, inkişaf etməkdə olan böyük ehtiyac içində yaşayan ada dövlətlərinin marağında olan məsələdir”.
A.Quliyev eyni zamanda hesab edir ki, COP-ların inkişaf etməkdə olan ölkələr üçün müəyyənləşdirdiyi həddin 300 milyard dollara çatdırılması COP29-u özünəməxsus səviyyəyə çıxardan nüanslardan biridir.
Politoloq Rəşad Bayramov bildirir ki, COP29 Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyəti ilə yadda qaldı. 198 tərəfdaş ölkədən 197-nin nümayəndələrinin iştirakının təmin edilməsi, 80 ölkənin təmsilçisinin liderlər səviyyəsində toplantılara qatılması, təhlükəsizlik tədbirlərinin, təşkilatçılıq fəaliyyətinin ən üst səviyyədə olması hər kəs tərəfindən təqdirəlayiq hal kimi qəbul olundu.
Politoloq COP29-un digər əsas hədəfi olan iqlim dəyişikliyi ilə bağlı bir çox razılaşmanın əldə olunmasını da Bakının uğuru kimi dəyərləndirdi.
“Paris sazişindən sonra ən problemli məsələ 6-cı maddənin icrası ilə bağlı idi. Bu istiqamətdə uzun illər COP-larda aparılan müzakirələr öz bəhrəsini verməmişdi. COP 29-da 6.2, 6.4, 6.8 maddələri ilə bağlı ümumi razılaşmaların əldə edilməsi, ümumilikdə, 6-cı maddənin işlək vəziyyətə gətirilməsi oldu. Karbon emissiyalarının azaldılması, karbon bazarının formalaşdırılması və az inkişaf etmiş ölkələrə maliyyə yardımının artırılması ilə bağlı konkret kvotaları nəzərdə tuturdu ki, buna böyük ölçüdə nail olundu. Bunu COP-un “Bakı sıçrayışı” adlandırmaq mümkündür”.
Politoloq COP29-da Zərər və inkişaf fonduna maliyyə vəsaitinin cəlb edilməsində irəliləyişlərə nail olunduğunu da qeyd edib. Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı 300 milyard dollar hədəfin razılaşdırılması böyük uğur kimi qəbul oluna bilər:
“Təbii ki, hər hansı COP-da əldə olunan razılaşmalar inkişaf baxımından növbəti COP-larda daha da təkmilləşdirilir və bu istiqamətdə bir il ərzində əldə olunan nailiyyətlərin icrası ilə bağlı xeyli uğurlara imza atılacaq. Bütün bunları nəzərə alaraq demək olar ki, COP29 öz hədəflərində çatdı”.
Professor Elşad Mirbəşir bildirir ki, ölkəmiz olduqca əhəmiyyətli bir tədbirə ev sahibliyi etdi. COP29 ən yüksək tələblərə cavab verəcək şəkildə təşkil olundu. Digər mötəbər tədbirlər kimi, Azərbaycanın ev sahibliyi etdiyi bu konfrans öz işini uğurla başa vurdu: “Biz konfransın uğurlu nəticələrinin göstəricilərini növbəti zaman mərhələlərində daha aydın şəkildə müşahidə edəcəyik”.
E.Mirbəşir COP29 konfransı çərçivəsində olduqca vacib müzakirələrin aparıldığını, mühüm qərarların qəbul olunduğunu qeyd edir.
“Ən əhəmiyyətli qərar ondan ibarət oldu ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələri üzrə mübarizə istiqamətində daha böyük maliyyə ayıracaqlar. Nəzərə almaq lazımdır ki, iqlim dəyişmələri nəticəsində zərərin aradan qaldırılması məqsədi ilə fondun yaradılması haqqında qərar hələ COP27 çərçivəsində verilmişdi. COP28 çərçivəsində isə artıq fondun fəaliyyətə başlaması haqqında qərar qəbul edilmişdi və inkişaf etməkdə olan ölkələrə hər il 100 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulurdu. COP29 çərçivəsində aparılan müzakirələr nəticəsində Azərbaycan, hər il olmaqla, bu rəqəmin 2035-ci ilə qədər 300 milyard dollar civarında müəyyənləşməsinə töhfə verə bildi. Yəni 2035-ci ildən sonrakı mərhələdə bu rəqəmin daha böyük məbləğdə müəyənləşəcəyi gözləniləndir”.
Professor eyni zamanda hesab edir ki, COP29 iqlim dəyişmələri istiqamətində yeni bir mərhələnin başlanğıcını şərtləndirdi. O, bu mərhələdə bəşəriyyət üçün çox ciddi təhlükə yaradan iqlim dəyişmələrinə qarşı mübarizənin daha effektiv nəticələr verəcəyini qeyd edib:
“Azərbaycan kiçik ada dölətlərinin hüquqlarının qorunması, Prezidentin də səsləndirdiyi kimi, onlara qarşı ədalətsiz davranışların qarşısının alınması istiqamətində də hər zaman fəallıq göstərir. COP29-da belə ölkələrə əlavə dəstək imkanlarının yaradılması Azərbaycanın dünyaya vermiş olduğu böyük töhfədir. Nəzərə almaq lazımdır ki, beynəlxalq təhlükəsizliyə bir sıra təhdidlər mövcuddur. Beynəlxalq terrorizm, ayrı-ayrı coğrafiyalarda mövcud olan aktiv silahlı münaqişələrlə yanaşı iqlim dəyişmələri beynəlxalq təhlükəsizliyə çox ciddi təhdid yaratmaqdadır. Ona görə də iqlim dəyişmələri ilə mübarizədə məsuliyyət tək bir dövlətə, dövlətlər qrupuna deyil, bütün dünya ölkələrinə aiddir”.
E.Mirbəşir eyni zamanda qeyd edir ki, COP29 konfransı çərçivəsində verilmiş qərarlar, aparılan müzakirələr bir neçə istiqamətdə öz töhfəsini verəcək. Onun fikrincə, ən böyük töhfə ondan ibarət olacaq ki, artıq dünya dövlətləri daha mütəşəkkil, koordinasiya olunmuş şəkildə iqlim dəyişmələri ilə mübarizədə iştirak edəcəklər. Digər tərəfdən, inkişaf etmiş ölkələrdə yaşıl enerji sahəsinin inkişafına ciddi dəstək göstəriləcək. Bu da sözügedən istiqamətdə dünyada vəziyyətin stabilləşməsinə gətirib çıxaracaq. Eyni zamanda, iqlim dəyişmələri ilə mübarizə istiqamətində yeni əməkdaşlıq imkanlarının formalaşdırılması, bütövlükdə dövlətlər arasında konstruktiv dialoqu gücləndirəcəkdir. Bu da bütövlükdə dünyanın rifahı, inkişafı, təhlükəsizliyini təmin olunması üçün vacib nəticələr vəd edir”.