Noyabrın 29-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında danışıb. O, layihənin komitədə birinci və ikinci oxunuşlarda geniş müzakirə olunduğunu, məsələ ilə bağlı komitəyə ünvanlanmış bütün təklif və sualların cavablandırıldığını, təqdim olunan sənəddə hər hansı bir dəyişikliyin olmadığını deyib və ona üçüncü oxunuşda deputatların müsbət səs verməsini xahiş edib.
Layihə sosial ödənişlərin təyin olunması və bunun hüquqi əsaslarının mütəmadi olaraq təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə hazırlanıb.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.