Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub.
Bu barədə "Unikal"a FHN-dən xəbər verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri aparılan zaman uçqun baş verdiyi müəyyən olunub.
Xilasedicilər tərəfindən vətəndaş 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlunun meyiti dağıntı altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Uçqun nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.