AZ

Elmar Baxşıyev: “Kreativliyi artırmalıyıq”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 15-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Ağır oyun oldu. Kimə qarşı oynadığımızı bilirdik. “Turan Tovuz” bu mövsüm iddialıdır və meydanda yaxşı işlər görür. Həftə ərzində komandanı buna hazırlayırdıq. Sonda istəyimizə nail olduq. Yolumuza davam edirik.

Əslində komanda stress altında oynamağı bacarmalıdır. Amma birinci turdan üzərimizdə hansısa təzyiq, gərginlik hiss etməmişik. Komandanı hər zaman stressdən uzaq tutmuşuq”.

Elmar Baxşıyev ardıcıl beşinci qələbəsini rəsmiləşdirən komandasının uğur sirri barədə sualı da cavablandırıb:

“Yaxşı, keyfiyyətli futbolçularımız var. Onlardan güc alırıq. Məşqlərdə verdiyimiz tapşırıqları meydanda icra edirlər. Hücum planında bir qədər artırmalıyıq. Hər oyunda 6-7 real qol epizodu yaradırıq, problem onları realizə etməklə bağlıdır. Bunun üzərində işləməli, kreativliyi artırmalıyıq.

Rəqiblərimizin qarşılaşmalarından çox öz oyunlarımıza diqqət edir, köklənirik. Hər oyun bizim üçün derbi xarakteri daşıyır”.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Birinci hissədə mövqe oyunu oldu. Qol imkanları çox olmadı. Yalnız Otto Conun təkbətək epizodunu istisna etmək olar. Belə matçlarda mübarizə adətən birinci səhvə qədər gedir. Təəssüf ki, o səhvi biz buraxdıq. Komandada rəqabət var. Bəzi oyunçuların heyətdəki yerini itriməsi bununla bağlıdır. Hücum qrupumuzda ciddi rəqabət hiss olunur. Üst pillələrlə aramızdakı xal fərqi çoxdur. Bu oyundan çox şey asılı idi. Amma qarşıda matçlar çoxdur. Bunun öhdəsindən gəlməyə çalışacağıq.

“Araz-Naxçıvan” yaxşı təşkilatlanmış komandadır. Müdafiədə yaxşı oynayırlar. Müdafiəyə ciddi fikir verirlər, ona görə də az qol buraxırlar”.

Seçilən
58
arena.az

1Mənbələr