Xalqların tarixində mühüm rol oynayan milli kimlik ideyası bütün dövrlərdə aktual olub. Sonradan təkmilləşən bu proses xalqların tarixində mühüm rol oynayıb. Bütün xalqların yaşam coğrafiyası var və həmin ərazilərdə onlar yerli xalq hesab olunurlar.
Həmin coğrafiyanı tərk edib digər ərazilərdə yaşamağı üstün tutanlar isə müəyyən dövrdən sonra getdikləri yerlərə adaptasiya olunur və oralarda mənsub olduğu xalqın adət və ənənəsini yaşatmağa başlayır. Bu cür insanların toplum halında yaşaması isə adət-ənənələrinin qorunmasına xidmət edir.
Lobbiçilik cəmiyyət-hakimiyyət münasibətlərinin tənzimlənmə sisteminin vacib elementidir
Vətəndən ayrı yaşamalarına baxmayaraq, ana yurda bağlı olan qürbətçilər həm də diaspor hesab olunur. Bu ifadə beynəlxalq termindir və bir cəmiyyətin tarixən yaşadığı ərazilərdən uzaq məsafədə yaşamasını özündə ehtiva edir. Yunan dilində səpələnmək mənasını verən diaspor sözü tarixi-etnik torpaqlarından kənarda yaşayan, öz etnik kimliyini qoruyub-saxlayan insan toplusunu ifadə edir. Diaspor anlayışı həm də hər hansı etnik qrupun ölkə xaricində yad etnosların əhatəsində yaşamasıdır. Lobbiçilik isə təkcə bu və ya digər qrupun sosial, siyasi və iqtisadi maraqlarının müdafiəsi olmayıb, əslində formal hakimiyyəti faktiki hakimiyyətlə hesablaşmağa vadar edən bir mexanizmdir. Lobbiçilik hər hansı qruplar marağının müdafiəçisi deyil, həm də cəmiyyət və hakimiyyət münasibətlərinin tənzimlənmə sisteminin vacib elementidir.
Azərbaycan diasporu əsasən müstəqillik illərindən sonra formalaşıb
Azərbaycan diasporu deyəndə əsasən müstəqilliyin bərpasından sonra xaricə köçmüş azərbaycanlıların formalaşdırdığı təşkilatlar başa düşülür. Doğrudur, cümhuriyyət dönəmində də xaricə köçmüş və mühacir həyatı yaşayan azərbaycanlılar müəyyən təşkilatlar qurub və fəaliyyət göstəriblər. Bəzi tədqiqatçılar hesab edirlər ki, Azərbaycan diapsorunun tarixi o dönəmlərdən başlayır. Ancaq Azərbaycan diasporu əsasən müstəqillik illərindən sonra formalaşıb. Xüsusən də mərhum prezident Heydər Əliyev hakimiyyətə gələndən sonra diasporamızın gücləndirilməsi istiqamətində böyük işlər görüb. O da məlumdur ki, Azərbaycan gücləndikcə, inkişaf etdikcə və bir sıra beynəlxalq təşkilatlarda fəal təmsil olunduqca, bu, diaspor fəaliyyətinin güclənməsinə öz müsbət təsirini göstərib. Azərbaycanın fəal təmsil olunduğu təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır. Azərbaycan ardıcıl olaraq 4 il bu quruma rəhbərlik edib və bir sıra vacib təşəbbüslərlə çıxış edib. Azərbaycanın indi ən vacib müttəfiq və dostları Qoşulmama Hərəkatında təmsil olunurlar. Yəni müttəfiqlərinin çoxu QH-dədir. Avropada, Amerikada Azərbaycanın əleyhinə iş aparan dövlətlərin mövqeyi güclüdür. Ancaq Azərbaycanın xarici siyasətdə ən uğurlu istiqamətlərdən biri, çoxsaylı dost və müttəfiqləri Qoşulmama Hərəkatında təmsil olunan ölkələrdir. Elə həmin ölkələr imkan vermədilər ki, 2020-ci ilin 44 günlük müharibə dövründə Ermənistanın havadarları BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etsinlər. Bundan başqa Bakıda keçirilən COP29 tədbiri də göstərdi ki, Azərbaycanın ən sadiq və ardıcıl dostları Qlobal Cənub ölkələridir. Həmin ölkələr Azərbaycanın siyasətinə lazımı dəstəyi verirlər. Ancaq Qlobal Cənub ölkələrində, Qoşulmama Hərəkatına daxil olan ölkələrdə Azərbaycan diasporunun fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı vəziyyət necədir və bu sahədə hansı işləri görmək lazımdır? Həmin ölkələrdə Azərbaycan diasporunun çəkisi nə qədərdir?
QH-də təmsil olunan azərbaycanlılarla diaspor əlaqələri son illər formalaşmaqdadır
Sözügedən məsələyə aydınlıq gətirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Azərbaycanlılar Amerika qitəsinin müxtəlif ölkələrində məskunlaşıblar. Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya edən soydaşlarımızdır. Xüsusən də 1979-cu ildə İranda dini qüvvələr hakimiyyətə gələndən sonra miqrasiya daha da gücləndi. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim soydaşlarımızın okeanın o tayına axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərib. Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, azərbaycanlıların sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukrayna, Belarus, Almaniya və Böyük Britaniyada və digər Avropa ölkələrində yüzminlərlədir. Elə Avropa ölkələri var ki, orada azərbaycanlıların sayı çox azdır. Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb. Bunlar əsasən Qoşulmama Hərəkatında təmsil olunan ölkələrdir. Onların sayı Banqladeş, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır. Afrika qitəsində azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilib. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var. Onlar ora əsasən Cənubi Azərbaycandan gediblər. Azərbaycan diasporunun Amerika və Avropada fəaliyyət göstərən təşkilatları ilə uzun illərdir əlaqələr var. Qoşulmama Hərəkatında təmsil olunan azərbaycanlılarla diaspor əlaqələri son illər formalaşmaqdadır. Azərbaycanın QH-də aktiv fəaliyyəti buna müsbət təsir edir, amma görüləsi işlər çoxdur”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.