AZ

Dörd milyon manata yaxın vergi borcu olan şirkət cəzalandırıldı - Ölkədən pul çıxarıb, amma geri qaytarmayıb

Nəsimi Rayon Məhkəməsində "Vəlioğlu-2018" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şirkət cərimələnib.

 

Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: Dövlət qeydiyyatına 2018-ci ildə alınan MMC-nin qanuni təmsilçisi Vəli Kazım oğlu Əkbərovdur, hazırda dövlətə olan borc xüsusilə külli miqdardadır, yəni 3 696 217 AZN-dir. Şirkət Türkiyə istehsalı olan “Predo baby” uşaq bezlərinin, Kanadanın “Green Gate” şirkətinə məxsus “Lexi” təmizlik məhsullarının, İndoneziya istehsalı “Kris” sabunlarının, “Actodermanol” dezinfeksiya məhsulunun Azərbaycandakı rəsmi distribütorudur. V.Əkbərov həm də "Top Supermarket" MMC-nin qanuni təmsilçisidir. Bu MMC-nin də dövlətə 901 326 manat vergi borcu var.

 

Xəyal Quliyev

Tarix: 29 Noyabr 2024, 19:40   
Seçilən
4
2
pravda.az

10Mənbələr