AZ

"Dəm qazından zəhərlənmələr daha çox hamamda baş verir" — Ekspert xəbərdarlıq etdi

 “Yanma prosesi düzgün getmədikdə dəm qazı yaranır. Yanma prosesi isə o zaman düzgün getmir ki, standartlara cavab verməyən qaz sobasından istifadə edilir, tüstü bacası işləmir, otaqda kifayət qədər hava olmur”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. O bildirib ki, ən birinci səbəb otaqda havalandırmanın olmamasıdır:

“Qaz peçi olan otaqda mütləq havalandırma, ventilyasiya olmalıdır. Çünki qazın yanması üçün mütləq bu sistem lazımdır. İkigözlü qaz peçi varsa, otağın kvadratı minimum 8, üçgözlü qaz peçi olduqda 12, dördgözlü qaz peçi olduqda isə otağın kvadratı 15 olmalıdır. Qaz sızması əleyhinə dedektor və dəm qazı əleyhinə havalandırma olmalıdır. Belə olduğu təqdirdə dəm qazının qurbanı olmaqdan sığortalanmış olarıq. Kiçik otaqda çoxgözlü qaz peçi, su qızdırıcı qoyulursa, orada İran peçi deyilən qaz avadanlığı varsa, havalandırma, tüstü bacası işləmirsə, əlbəttə ki, yanma prosesi pozulacaq. Və nəticədə dəm qazı əmələ gələcək”. 

Mütəxəssis onu da qeyd edib ki, dəm qazı əleyhinə tədbirlər kompleks görülməlidir:

“Bu qaydalara riayət etməklə insanlar həyat və sağlamlıqlarını qorumuş olarlar. Dəm qazı, əsasən, hamam otağında yaranır. Hamam otağı normativlərə uyğun olmalıdır. Ümumiyyətlə hamam otağında qaz avadanlığının olması təhlükəsizlik baxımından düzgün deyil. Ancaq varsa, yenə də mütləq havalandırmanın olması şərtdir. Qapıda xırda dəliklər olmalıdır, bu, onun üçündür ki, içəridə hava serkulyasiya etsin. Təsadüfi deyil ki, dəm qazından zəhərlənmə hallarının əksəriyyəti hamam otağında baş verir”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
19
demokrat.az

1Mənbələr