AZ

Renat Bekturov: “Azərbaycan AIFC platforması vasitəsilə “yaşıl” və İslam maliyyələşdirməsini cəlb edə bilər”

Azərbaycan transsərhəd investisiyalar, “yaşıl maliyyə”, fintex və İslam maliyyələşdirməsini inkişaf etdirmək üçün “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) imkanlarından istifadə edə bilər.

Bunu “Far.Az”a müsahibəsində "Astana" Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) idarəedici direktoru Renat Bekturov deyib.

Onun sözlərinə görə, dayanıqlı iqtisadi artımı təmin etmək üçün vacib alətə çevrilən “yaşıl maliyyələşdirmə” perspektivli imkanlardan biridir. “AIFC “yaşıl istiqraz”ların buraxılması, bərpa olunan enerji mənbələri sektorunda layihələrin və ekoloji təmiz layihələrin maliyyələşdirilməsi üçün etibarlı baza təklif edir. Həm Qazaxıstan, həm də Azərbaycan dayanıqlı inkişafa sərmayə qoymağı hədəfləyən beynəlxalq investorları cəlb etmək üçün bu imkandan istifadə edə bilər”, - R.Bekturov bildirib.

Bu səylər, onun sözlərinə görə, həmçinin Azərbaycana qlobal ekoloji standartlara riayət etməklə və “yaşıl maliyyələşdirmə” üzrə regional lider kimi nüfuzunu artırmaqla yanaşı, karbon tutumlu sənaye sahələrindən asılılığını azaltmağa kömək edəcək.

Daha bir perspektivli istiqamət İslam maliyyələşdirməsidir. Avrasiya İnkişaf Bankının məlumatına görə, 2023-cü ildə qlobal İslam maliyyə bazarı son 7 il ərzində iki dəfə artaraq 4,5 trilyon ABŞ dollarına çatıb. Proqnozlara əsasən, 2027-ci ilə qədər bu bazarın həcmi 6,7 trilyon ABŞ dollarına çata bilər.

“İslam maliyyələşməsi postsovet məkanında hələ kifayət qədər inkişaf etməmiş böyük bir bazardır. AIFC-də isə “sukuk” (İslam istiqrazları) buraxılması, İslam banklarının, sığorta təşkilatlarının və bazarın digər iştirakçılarının fəaliyyəti üçün müvafiq hüquqi baza yaradılıb. Bizim ölkələrdə bu cür məhsullara artıq tələbat var və buna görə də Azərbaycanın maliyyə sektoru üçün bu sahədə iş perspektivli görünə bilər”, - R.Bekturov vurğulayıb.

O, hazırda Azərbaycan və Qazaxıstanın artıq birgə işə başladığı sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirməyi təklif edir: “Bu istiqamətlərdən biri davamlı inkişaf və ESG-dir (ekoloji, sosial və idaraetmə standartları). Bu, yaxınlarda Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi fonunda xüsusi əhəmiyyət kəsb edir.

Bu yaxınlarda Azərbaycanda fəaliyyət göstərən “Unibank” Beynəlxalq Kapital Bazarları Assosiasiyasının (ICMA) Yaşıl İstiqraz Prinsiplərinə uyğun olaraq ölkədə ilk dəfə 20 milyon manat məbləğində (təxminən 11,8 milyon ABŞ dolları) “yaşıl istiqrazlar” buraxması bu istiqamətdə önəmli addım olub”.

Onun sözlərinə görə, birgə əməkdaşlıq üçün əlavə imkanları yaradılması haqqında memorandumun Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci Zirvə görüşündə Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən imzalandığı Türk Yaşıl Maliyyə Şurası platforması təmin edir.

Şuranın vəzifələri arasında o, TDT ölkələrində “yaşıl” və davamlı maliyyələşdirmə bazarının inkişafı və təşviqi, ekoloji təmiz layihələrə ESG investisiyalarının axınının artırılmasını göstərib.

Şuranın katibliyi AIFC bazasında yerləşəcək, onun funksiyalarına Şuranın fəaliyyətinin təşkilində köməklik göstərilməsi, həmçinin əsas sənədlərin hazırlanması daxil olacaq.

“COP29 çərçivəsində TDT ölkələri arasında iqlim, innovasiya, "yaşıl" iqtisadiyyat və ticarət sahəsində tərəfdaşlığın qurulması haqqında Bəyannamə imzalanıb ki, bu da Yaşıl Maliyyə üzrə Şuranın fəaliyyətinin davamı və gücləndirilməsi olacaq”, - R.Bekturov söyləyib.

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Seçilən
26
1
far.az

2Mənbələr